Çövkən Afrikada: Nigeriyada ölkə çempionu müəyyənləşdi!
Azərbaycanın milli idman növü olan çövkən üzrə Nigeriya çempionatı keçirilib.
TodayPress TV xəbər verir ki, turnirdə ölkənin dörd aparıcı komandası - “NSK Farms”, “YBL”, “Western Ponies” və “60 Yards” çempionluq uğrunda mübarizə aparıb.
Yarışın ilk iki günündə komandalar bacarıq və hazırlıq səviyyələrini nümayiş etdirərək final mərhələsinə vəsiqə qazanmağa çalışıblar.
Çempionatın son günündə keçirilən oyunların nəticəsinə əsasən, “NSK Farms” komandası Nigeriya çempionu olub. “YBL” ikinci, “Western Ponies” isə üçüncü yeri tutub.
Qalib komandalara mükafatları Beynəlxalq Çövkən Federasiyasının baş katibi Maçey Mixal Olbrix və icraçı direktoru Fərid Eyvazov təqdim ediblər.
Qeyd edək ki, Nigeriyada təşkil olunan çempionat çövkən idman növünün ölkədə inkişafı, yerli komandaların təcrübə qazanması və ənənəvi atüstü idman növünə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür yarışlar, eyni zamanda, çövkənin beynəlxalq səviyyədə tanıdılmasına, yeni ölkələrdə yayılmasına və müxtəlif idman icmaları arasında əməkdaşlığın genişlənməsinə töhfə verir.
Namiq HUN