Hörmüz boğazında iki tanker minaya düşdü
Hörmüz boğazında iki neft tankerinin dəniz minalarına düşdüyü və gəmilərdə yanğın baş verdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Açıqlamaya görə, hadisə Omanın Əl-Xəsab limanının şimalında, cümə axşamı səhər saatlarında baş verib.
İran tərəfinin məlumatına əsasən, tankerlərdən biri 2 milyon bareldən çox neft daşıyan supertankerdir.
Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının əsas marşrutlarından biridir. ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra boğazda gəmiçilik ciddi şəkildə məhdudlaşıb.
Tehran ABŞ-nin blokadası və sanksiyaların ləğvi də daxil olmaqla, irəli sürdüyü şərtlər yerinə yetirilənədək məhdudiyyətləri davam etdirəcəyini bildirib.
Hazırda bəzi gəmilərin boğazdan keçməsinə baxmayaraq, dəniz nəqliyyatının həcmi münaqişədən əvvəlki səviyyədən xeyli aşağıdır.
Türkan İsgəndərli