Makron Əliyevə minnətçi düşdü: Münasibətlərimizi düzəldək
Təhlil
21.05.2026 14:08
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub. Makron “X” platformasında yazdığı postda xüsusilə Ermənistan-Azərbaycan sülh prosesinə dəstəyini vurğulayıb və bu istiqamətdə davamlı səylərin vacibliyini qeyd edib. Səthi baxışdan bu, adi diplomatik addım kimi görünə bilər.
Bəs əslində Makronun qarın ağrısı nədir?
Fransa Cənubi Qafqazda uzun müddətdir fəal oyunçu olmağa can atır. Parisin bu regiona artan marağı təsadüfi deyil. Azərbaycanın neft-qaz resursları, Avropanın enerji təhlükəsizliyində oynadığı rol - bütün bunlar Makron administrasiyasının diqqət mərkəzindədir.
Rəsmi Paris “sülh prosesinə dəstək” deyərkən əslində iki əsas məqsəd güdür: birincisi, enerji marşrutlarında söz sahibi olmaq və Avropanın Rusiyadan asılılığını azaltmaq siyasətinə uyğun yeni tərəfdaşlıqlar qurmaq; ikincisi isə Rusiyanın Qafqazdakı mövqeyini zəiflətmək. Sülh ritorikası burada daha çox alət "maşa" daşıyır. Əgər Fransa həqiqətən regionda sabitlik istəsəydi, illərdir Ermənistana hərbi yardım göndərməz, birtərəfli bəyanatlarla Bakını qıcıqlandırmaz və prosesi daha neytral platformalarda dəstəkləməyə çalışardı. Əvəzində Paris özünü “vasitəçi” kimi təqdim edərək həm enerji əməkdaşlığını dərinləşdirmək, həm də geopolitik rəqabətdə ön mövqe tutmaq istəyir.
Ermənilər də bu zəngdən yaman sevincəyə düşüblər. Mayın 4-də İrəvanda EPC sammiti zamanı Makron erməni jurnalistin sualına cavab verərkən açıq şəkildə demişdi ki, əvvəlcə Ermənistan rəhbərliyi ilə müzakirə edəcək, sonra İlham Əliyevə zəng edib erməni məhbusların/əsirlərin məsələsini qaldıracaq. Bu zəngin əsas səbəbi kimi erməni mediası (NEWS.am, Armenpress, Radar.am, Zartonk Media) bunu qeyd edir. Erməni tərəfində bu zəng əsirlərin azad olunması istiqamətində ümid yaradır. Bəzi post və məqalələrdə Makronun “sülh prosesinə inanıram, siz mənə arxalana bilərsiniz” sözləri xatırladılır. Lakin rəsmi belə bir məlumat yoxdur.
Eyni zamanda Makronun daxili vəziyyəti də nəzərdən qaçırılmamalıdır. Fransa daxilində iqtisadi problemlər, miqrasiya gərginliyi, küçə etirazları və siyasi parçalanma fonunda xarici siyasətdə “böyük oyun” imici yaratmaq hazırkı administrasiya üçün klassik manevrdir. Ölkə daxilində idarəçilik çətinlikləri ilə üzləşən liderlər tez-tez beynəlxalq arenada daha iddialı görünməyə çalışırlar. Makron da məhz bu xəttdə hərəkət edir: Cənubi Qafqazda “sülh təşəbbüskarı” rolunu oynayarkən, əslində enerji və təsir dairəsi məsələsində "öz payını" axtarır.
Jalə Rövşən
tag: Emmanuel Makron ,İlham Əliyev ,Zəng ,Münasibət ,Todaypress.tv,
