Türkiyə Azərbaycanla bağlı hansı planı işə salır? - ŞOK DETALLAR
Türkiyəli rəsmilərin və təşkilatların Azərbaycanda vahid məktəbli formasının tətbiqi ilə bağlı açıqlamaları müzakirələrə səbəb olub.
TodayPress TV xəbər verir ki, bunu politoloq Asif Nərimanlı şərh edib.
Onun sözlərinə görə, Ərdoğan administrasiyasının baş müşaviri Oktay Saralın hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasına dair fikirlərini Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirmək olar. Qeyd olunub ki, məsələni “hicab qadağası” kimi təqdim etmək vahid məktəbli forması ilə bağlı qərarın mahiyyətini təhrif edir.
Şərhdə Türkiyənin bu mövqeyinin regionda dini-ideoloji yanaşmalarla bağlı suallar doğurduğu bildirilib. Azərbaycanın dünyəvi təhsil sisteminə xüsusi diqqət yetirməsində bu amillərin də rol oynaya biləcəyi vurğulanıb.
Məsələ ilə bağlı Türkiyənin Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) açıqlaması da tənqid edilib. Təşkilat Azərbaycanda baş örtüyünə görə məktəbə gedə bilməyən şagirdlərin Türkiyədə təhsil almasını və yaşamasını təmin etməyə hazır olduğunu bəyan edib.
Şərhdə ASKON-un bu təklifinin Azərbaycanın vahid məktəbli forması ilə bağlı qərarına müdaxilə kimi qiymətləndirilə biləcəyi qeyd olunub. Bildirilib ki, belə bir təşəbbüs şagirdlər arasında müəyyən edilmiş geyim qaydalarına əməl etməməyə təşviq kimi də başa düşülə bilər.
Həmçinin ASKON-un mövqeyinin Türkiyə hakimiyyətinin yanaşması ilə əlaqəli ola biləcəyi ehtimalı irəli sürülüb. Oktay Saralın açıqlaması fonunda bu cür bəyanatların narahatlıq doğurduğu vurğulanıb.
Kübra Musayeva