İran Azərbaycana şiə olduğuna görə nifrət edir...

İran Azərbaycana şiə olduğuna görə nifrət edir...
13.10.2026 17:35 Təhlil

Azərbaycan-İran münasibətləri regional təhlükəsizlik və ideoloji ziddiyyətlərin kəskinləşdiyi mürəkkəb bir mərhələdən keçir. Tehranın Bakının daxili məsələlərinə qarşı yürütdüyü siyasət təkcə iki tərəfli diplomatik gərginliklərlə məhdudlaşmır, həm də Cənubi Qafqazın gələcək geopolitik mənzərəsinə birbaşa təsir göstərir.

Bəs İranın Azərbaycanın daxili işlərinə müdaxiləsinin arxasında hansı siyasi məqsədlər yatır?

Sözügedən məsələ haqqında TodayPress TV-yə danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, burada üç əsas məqsəd ön plana çıxır:

"İran 1979-cu il inqilabından bəri özünü dünya şiələrinin mərkəzi hesab edir. Məncə, dünyada əhalisinin əksəriyyəti şiə olan, eyni zamanda dünyəvi idarəetmə sisteminə malik yeganə dövlət Azərbaycandır.

Bakının uğuru da məlumdur: mollasız, filansız, demokratik və dünyəvi şəkildə yaşamaq.

Tehran bunu həmişə özünə təhlükə kimi görür. Çünki Azərbaycan İran əhalisi üçün dini hakimiyyətin yaratdığı sistemə qarşı çox təsirli bir nümunədir. Onlar görürlər ki, Azərbaycan şiə ölkəsidir, amma dini basqı altında, dinin müəyyən etdiyi çərçivələr daxilində yaşamır.

Məhz buna görə də İran Azərbaycana həmişə təzyiq göstərir ki, burada da dini idarəetmə tətbiq olunsun.

Təbii ki, ikinci məsələ Azərbaycan-İsrail dostluğudur. İranın özü də İsraillə hərbi münasibətlərə malik olub. Lakin hazırda regional rəqabətə girdiyinə görə Tehran Azərbaycan-İsrail dostluğuna Azərbaycanın İrana düşmən münasibəti kimi yanaşır və belə də olmalı olduğunu düşünür.

Digər məsələ isə Zəngəzur məsələsidir. İran istəmir ki, Azərbaycanla Türkiyə tam birləşsin, türk dünyasını birləşdirən xətt qurulsun. Çünki burada növbəti hədəf kimi Güney Azərbaycanın müstəqilləşməsi qorxusu da var.

İranın bu siyasəti Azərbaycanla münasibətlərdə hansı təhlükələri yaradır sualını analitik belə cavablayıb: 

"Düşünürəm ki, münasibətlər ağır və təhlükəli mərhələyə daxil olub. Çünki Azərbaycana qarşı terror törədilib, səfirliyimizə hücum edilib. Həmin terror aktı nəticəsində Azərbaycan vətəndaşı həlak olub.

Bundan sonra da Azərbaycana qarşı gizli müharibə, narkotik vasitələr, radikal dindarlar və müxtəlif təxribatlar kimi məsələlərlə üzləşdik.

Bəs bundan sonra nə gözləyə bilərik? Azərbaycan-İran münasibətlərinin tamamilə qopması ehtimalı var. Bu isə Azərbaycanın özündən daha çox İrana zərər verə bilər.

Çünki Rusiya-İran əlaqələri, Şimal-Cənub dəhlizi kimi məsələlər bu qarşıdurmanın təsiri altında qalır. Demək olar ki, belə bir vəziyyətdə İranın daha çox itki ilə üzləşməsi gözləniləndir. Sərhədlərin tam bağlanması da mümkün ssenarilərdən biridir.

Təbii ki, viza rejiminin sərtləşdirilməsi də ciddi nəticələr doğura bilər. Belə olan halda, böyük itkilərlə üzləşən tərəf İran olacaq. Azərbaycan, əlbəttə, İran üçün Rusiya istiqamətində yeganə çıxış yolu, bəlkə də, müəyyən mənada xilas yoludur". 

Müsahibimiz qeyd edib ki, İranın Azərbaycana qarşı yürütdüyü siyasət  bölgədə Qərbin imkanlarının genişlənməsinə gətirib çıxarıb:

"Hər halda, məsələyə İranın nöqteyi-nəzərindən baxsaq, bölgədə artıq ABŞ və Avropa İttifaqının müxtəlif hərbi missiyalarının fəaliyyət göstərdiyini görə bilərik.

İran hazırda çox ciddi strateji səhv etmək ərəfəsindədir, bəlkə də, artıq bu səhvin içindədir. Azərbaycanın düşməninə çevrilmək istəyi göstərir ki, İran öz hərəkətlərinin nəticələrini anlamaq istəmir". 

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər