Süni intellekt hər şeyi dəyişəcək, amma bu 4 peşəni yox

Süni intellekt hər şeyi dəyişəcək, amma bu 4 peşəni yox
28.10.2026 02:58 Dünya

Süni intellektin sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Bir çox peşənin gələcəyi sual altında qaldığı halda, milyarder Bill Qeyts texnologiyanın əvəz etməsinin daha çətin olacağı dörd sahəni açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “LADbible” nəşri məlumat yayıb.

“Microsoft”un həmtəsisçisi Bill Qeytsin fikrincə, gələcəkdə proqramlaşdırma, biologiya, energetika və peşəkar idman sahələrində çalışan mütəxəssislərə tələbat qalacaq.

O hesab edir ki, süni intellekt kod yazmaq imkanlarını genişləndirsə də, mürəkkəb sistemlərin yaradılması və təkmilləşdirilməsi üçün proqramçılara ehtiyac davam edəcək.

Bioloqlar elmi tədqiqatlarda, energetika mütəxəssisləri isə enerji infrastrukturunun inkişafı və idarə olunmasında mühüm rol oynayacaqlar.

Qeyts peşəkar idmanın da süni intellekt tərəfindən tam əvəz edilməsinin çətin olduğunu düşünür. Onun sözlərinə görə, idmanda fiziki bacarıq, ustalıq və yarışların yaratdığı həyəcan xüsusi əhəmiyyət daşıyır.

Milyarder teleaparıcı Cimmi Fellonla söhbətində insanların kompüterlərin beysbol oynamasını izləməyə o qədər də maraq göstərməyəcəyini bildirib.

Bununla belə, Qeyts gələcəkdə bir çox işin insan iştirakı olmadan yerinə yetirilə biləcəyini istisna etmir. Onun fikrincə, məhsul istehsalı, daşınma və kənd təsərrüfatı kimi sahələrdə avtomatlaşdırma daha geniş yayılacaq.

“Microsoft”un araşdırmasında isə süni intellektin təsirinə daha çox məruz qala biləcək peşələr arasında tərcüməçilər, tarixçilər, yazıçılar, jurnalistlər, redaktorlar, müştəri xidməti əməkdaşları, maliyyə məsləhətçiləri və bəzi analitiklər göstərilib.

Araşdırmaya əsasən, fiziki əmək və birbaşa insan iştirakı tələb edən işlərin süni intellektlə əvəzlənməsi nisbətən çətindir. Ağır texnika operatorları, dam ustaları, masajçılar, tibb bacıları və digər oxşar peşələr bu baxımdan daha az təsirə məruz qala bilər.

Bununla yanaşı, mütəxəssislər süni intellektin müəyyən peşələrdə geniş tətbiqinin həmin peşələrin tamamilə yox olması demək olmadığını vurğulayırlar. Texnologiyanın inkişafı bəzi iş yerlərini azalda, eyni zamanda yeni peşələrə və bacarıqlara tələbat yarada bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər