Hicaba görə valideynləri tərəfindən məktəbə buraxılmayan qızlar xaricə aparılmağa başladı - ŞOK
Sosial şəbəkələrdə bəzi valideynlərin övladlarının məktəbli forması ilə bağlı müəyyən edilmiş qaydalara əməl etməməsi səbəbindən onları xaricə aparmasını əks etdirən görüntülər yayılıb.
Paylaşılan videogörüntülərdə bir ailənin çamadanlarla Heydər Əliyev Beynəlxalq Aeroportunun terminalına doğru hərəkət etdiyi, hicablı azyaşlı qızların isə valideynləri ilə birlikdə hava limanına daxil olduğu görünür. Videonun üzərində izləyicilərdən birinin “Qızların oxuması üçün vətəni tərk etmək” qeydi yer alıb.
Qeyd edək ki, Azərbaycan dünyəvi dövlətçilik prinsiplərinə, zəngin milli-mənəvi dəyərlərinə və özünəməxsus tarixi kimliyinə malik ölkədir. Ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi isə dini ayrı-seçkilik deyil, təhsil sistemində ümumi qaydaların və vahid mühitin qorunmasına xidmət edir.
Milli kimliyimiz əsrlər boyu formalaşmış dövlətçilik ənənələrimiz, dilimiz, mədəniyyətimiz, adət-ənənələrimiz və tolerantlıq mühitimiz üzərində qurulub. Bu dəyərlərin qorunması, gələcək nəslin milli ruhda, eyni zamanda müasir və dünyəvi təhsil prinsipləri əsasında yetişdirilməsi hər birimizin məsuliyyətidir.
Valideynlərin şəxsi dini baxışlarını uşaqların təhsil imkanlarından üstün tutması, mövcud qaydaları qəbul etməyərək azyaşlıları ölkədən aparması ciddi suallar doğurur. Ən başlıcası, bu uşaqları hansı ölkələrə aparırlar, orada onları necə bir təhsil və ideoloji mühit gözləyir? Onların gələcək dünyagörüşü, milli kimliyi və doğma vətənləri ilə bağlılığı hansı dəyərlər əsasında formalaşacaq?
Azərbaycan uşaqlarının gələcəyi yad ideoloji təsirlərin və dini mübahisələrin girovuna çevrilməməlidir. Övladlarımızın təhsil hüququ qorunmalı, onların milli kimliyinə, ana dilinə, mədəniyyətinə və Vətənə bağlılığına sahib çıxılmalıdır. Çünki söhbət yalnız məktəbli formasından deyil, gələcək nəsillərin hansı dəyərlərlə yetişəcəyindən, milli kimliyimizi qoruyub-qorumayacağımızdan gedir.
İsmayıl Şahlı