Ankarada “Qarabağ Zəfəri Günü” adlı tədbir təşkil olunub - FOTO

Ankarada “Qarabağ Zəfəri Günü” adlı tədbir təşkil olunub - FOTO
26.11.2026 17:18 Sosial

Noyabrın 26-da Ankaranın Hacı Bayram Vəli Universitetində (HBV) “Qarabağ Zəfəri Günü” mövzulu tədbir keçirilib.

Todaypress TV xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, səfirliyimiz nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, HBV və Qarabağ Universitetlərinin rektorluqları və Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) birgə təşkilatçılığı ilə HBV-nin “İtri” Mərkəzində təşkil olunan tədbirdə Türkiyə parlamentinin deputatları və siyasi partiyaların təmsilciləri, diplomatlar, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ankaranın Gölbaşı Bələdiyyəsinin dəstəyi ilə təşkil olunan tədbirin açılışında çıxış edən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini professor Kürşad Zorlu 44 günlük Vətən müharibəsində əldə olunan zəfəri “Türk dünyası tarixinin ən şanlı səhifələrindən biri” adlandırıb.

Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz olduğunu vurğulayan K.Zorlu, Qarabağ zəfərindən sonra başlayan sülh və normallaşma prosesinin əhəmiyyətini qeyd edib, Zəngəzur koridorunun açılması ilə bütün regionun yeni əməkdaşlıq mərhələsinə qədəm qoyacağına əminliyini ifadə edib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov öz növbəsində bildirib ki, əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb.

Səfirin sözlərinə görə, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bütün dünyaya nümayiş etdirib ki, ədalətsizlik əbədi davam edə bilməz.

Ulu öndər Heydər Əliyevin cəsarət və əminlik dolu çıxışlarının işğal dövründə Azərbaycan xalqında qələbə ruhu və inamı gücləndirdiyini vurğulayan səfir deyib: “Tarixi ədalət arayışı işğal dövründə bitmədi. Heydər Əliyev siyasətini davam etdirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev xalqımıza parlaq tarixi qələbəni yaşatdı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad edildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi”.

Azərbaycanın qalib ölkəyə, Azərbaycan xalqının qalib xalqa çevrildiyini vurğulayan səfir, Azərbaycan və Türkiyə xalqlarının ən çətin dövrlərdə birbirinin yanında olduğunu söyləyib.

R.Aslanov, çıxışını “İki xalq arasında olan birlik, sevgi və dəstək danılmazdır. Qardaşlığımız əbədidir. Bu gün keçirilən tədbir bunun növbəti nümunəsidir. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Yaşasın azad Qarabağ! Qarabağ - Azərbaycandır!” sözləri ilə bitirib.

TADİV sədri, professor Aygün Attar Prezident İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyulub, ərazi bütövlüyümüz bərpa olunduğunu deyib.

O qeyd edib ki, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdmağa başlayıb.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov rəhbərlik etdiyi ali təhsil qurumunun ölkənin və regionun ehtiyaclarını, həmçinin beynəlxalq əmək bazarının müasir trendlərini nəzərə aldığını söyləyib.

O əmin olduğunu bildirib ki, Qarabağ Universiteti qısa bir zamanda Azərbaycanımızın əsas elm, təhsil və innovasiya mərkəzlərindən birinə çevriləcək. Ş.Bayramov deyib: “3 min 300-dən artıq tələbələrimizin Azərbaycanımıza layiqli vətəndaş, yüksəkixtisaslı mütəxəssis olmaları ilə bağlı vacib tapşırığınız var. Buna görə də universitetimizi müasir Azərbaycan gəncinin arzu və istəklərinə uyğun formalaşdırmağa çalışırıq. Arzu edirik ki, Qarabağ Universiteti qısa müddətdə bütün türk dünyasına layiq nümunəvi ali təhsil ocağına çevrilsin”.

Hacı Bayram Vəli Universitetinin rektoru Naci Bostancı Türkiyə-Azərbaycan qardaşlığının bütün sahələri əhatə etdiyini ifadə edib. “Çanaqqala döyüşlərində Türk və Azərbaycanlı gənclər çiyin-çiyinə vuruşub. Bakını azad edən Qafqaz İslam Ordusunun tərkibində iki ölkənin övladları birlikdə idi. Biz bu gün Qarabağda şəhid olan qəhrəmanları da unudmuruq”, deyə N.Bostancı ifadə edib.

Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici də, tarixi zəfəri əldə edən Prezident İlham Əliyevin rəhbərliyindəki Azərbaycan ordusunun qəhrəmanlığına diqqət çəkib: “Qarabağ zəfəri bütün türk millətinin zəfəridir. Azərbaycan rəhbərliyi ətrafında birləşən xalq güclüdür. İşğal dövrünün fəsadları addım addım aradan qaldırılır. Müasir Azərbaycanın hər uğuruna, hər nailiyyətlərinə sevinirik”.

Türkiyəli siyasətçi, ümummilli lider Heydər Əliyevin “İki millət, tək millət” kəlamının aktuallığını daim qoruduğunu qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım və digərləri rəşadətli Azərbaycan Ordusunun gücünü, qüvvətini, nümayiş etdirdiyi peşəkarlığı təqdir ediblər.

Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda igid əsgərlərimizin döyüş meydanında göstərdiyi cəsarəti, şücaəti fəxrlə qeyd edilib.

Proqram Aygül Həsənovanın müəllifi olduğu “Əsir uşaqlara məktub” adlı səhnəciklə davam etdirilib.

Tədbir Azərbaycan Mədəniyyət Mərkəzinə bağlı “Zəngəzur” rəqs qrupu və digər sənətçilərin iştirakı ilə konsert proqramı ilə davam edib.

TodayPress TV

FOTOLAR

Ankarada “Qarabağ Zəfəri Günü” adlı tədbir təşkil olunub - FOTO — 1
Ankarada “Qarabağ Zəfəri Günü” adlı tədbir təşkil olunub - FOTO — 2
Ankarada “Qarabağ Zəfəri Günü” adlı tədbir təşkil olunub - FOTO — 3
Ankarada “Qarabağ Zəfəri Günü” adlı tədbir təşkil olunub - FOTO — 4
Ankarada “Qarabağ Zəfəri Günü” adlı tədbir təşkil olunub - FOTO — 5
Ankarada “Qarabağ Zəfəri Günü” adlı tədbir təşkil olunub - FOTO — 6
Ankarada “Qarabağ Zəfəri Günü” adlı tədbir təşkil olunub - FOTO — 7
Ankarada “Qarabağ Zəfəri Günü” adlı tədbir təşkil olunub - FOTO — 8
XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər