Almaniya “dağılır”: Merts nəzarəti itirir – Hər şey yeni Hitlerin doğulmasına doğru gedir...
Almaniya kansleri Fridrix Merts BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-yə planlaşdırılan səfərini ləğv edib. O, Nyu-Yorka getmək əvəzinə, rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqının (XDİ) mühüm toplantılarında iştirak etmək qərarına gəlib.
“Bloomberg”in məlumatına görə, Mertsin bu addımı atmasına sentyabrın əvvəlində Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə partiyanın uğursuz nəticə göstərməsi və bundan sonra XDİ daxilində yaranan narazılığı (“üsyanı”) cilovlamaq istəyi səbəb olub.
Kanslerin ofisinin rəsmi bəyanatında bildirilir:
“İlkin planlardan fərqli olaraq, kansler gələn həftə Nyu-Yorka getməyəcək, çünki onun Berlində olması zəruridir”.
Merts sentyabrın 22-də BMT Baş Assambleyasında çıxış etməli və Henri Kissincerin adına təsis edilmiş mükafatı qəbul etməli idi. Lakin partiya daxilində ona qarşı artan tənqidlər onun planlarını dəyişməsinə səbəb olub.
Merts niyə Berlində qalmağa qərar verdi?
Kansler səfərini ləğv edərək diqqətini partiyadaxili iclaslara yönəldib. “Reuters”in məlumatına görə, mühafizəkarlar sentyabrın 20-nə xüsusi müşavirə çağırıblar. Məqsəd qarşıdakı Meklenburq-Ön Pomeraniya və Berlin seçkiləri ilə bağlı partiyanın mövqeyini razılaşdırmaq, rekord dərəcədə aşağı dəstək fonunda gələcək siyasi kursu müəyyənləşdirmək və partiya lideri ətrafında birlik nümayiş etdirməkdir. Bundan əlavə, Merts sentyabrın 21-də XDİ rəhbərliyinin iclasında, sentyabrın 22-də isə parlament fraksiyasının toplantısında iştirak edəcək.
Partiya daxilindəki narazılığın səbəbi nədir?
Saksoniya-Anhalt əyalətində keçirilən son seçkilər XDİ üçün ciddi uğursuzluqla nəticələnib. Həmin seçkilərdə “Almaniya üçün Alternativ” (AfD) partiyası tarixində ilk dəfə belə yüksək nəticə göstərərək səslərin 43,8 faizini qazanıb. Mertsin rəhbərlik etdiyi XDİ isə bu göstəricinin yarısını belə toplaya bilməyərək cəmi 17,2 faiz səs əldə edib.
Bu uğursuzluqdan sonra Berlin yaxınlığındakı Qrosberen şəhərindən olan 33 XDİ üzvü, o cümlədən şəhərin meri Martin Vonneberqer, Fridrix Mert¬sə açıq məktub göndərərək onu siyasi kursu köklü şəkildə yenidən nəzərdən keçirməyə çağırıblar.
XDİ-nin Qrosberen bölməsinin sədri Adrian Hepp vəziyyəti belə qiymətləndirib:
“Bizə öz siyasətinin guya düzgün olduğunu sıravi üzvlərə izah edən rəhbərlik lazım deyil. Bizə getdikcə daha az insanın bu siyasəti düzgün hesab etməsinin səbəbini sorğulamağa hazır olan rəhbərlik lazımdır”.
Məktub müəllifləri Mertsin vəd etdiyi islahatların reallaşmadığını vurğulasalar da, onun istefasını tələb etmədiklərini, əksinə, kanslerə “yardım əli uzatdıqlarını” bildiriblər.
Qarşıdakı seçkilər XDİ üçün hansı təhlükələri yaradır?
Növbəti əyalət seçkiləri sentyabrın 20-nə planlaşdırılıb. Sorğular XDİ-nin qarşıdakı seçkilərdəki vəziyyətinin partiya daxilində Mertsin rəhbərliyinə qarşı narazılığı daha da artıra biləcəyini göstərir.
Meklenburq-Ön Pomeraniya əyalətində XDİ-nin reytinqi cəmi 7 faiz təşkil edir. Müqayisə üçün, AfD-yə respondentlərin 37 faizi, Almaniya Sosial-Demokrat Partiyasına (ASDP) isə 34 faizi dəstək verib. Mühafizəkar qanunvericilər indi hətta əyalət parlamentinə keçmək üçün kifayət qədər səs toplaya bilməyəcəklərindən ehtiyat edirlər. XDİ parlament fraksiyasının sədri Torsten Frey partiyanın “toz halına gətirilə biləcəyi” təhlükəsinin mövcud olduğunu bildirib.
Berlində keçirilən sorğulara görə, XDİ-yə dəstək 21 faiz təşkil edir. Lakin partiya burada da “Sol”dan geri qalır. Tənqidçilər hesab edirlər ki, qarşıdakı seçkilərdə daha bir zəif nəticə hakim koalisiya daxilində Mertsin rəhbərliyinə qarşı təzyiq və narazılığın daha da artmasına səbəb ola bilər.
Qiymət Mahir