İstanbul-2027-yə iddialı start: Gimnastlarımızdan ard-arda lisenziyalar
2027-ci il iyunun 16-dan 27-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunlarına hazırlıq və təsnifat mərhələləri davam edir.
TodayPress TV xəbər verir ki, aprelin 8-dən etibarən gimnastika növləri üzrə başlanan seçmə yarışlarda idmançılarımız artıq bir neçə növ üzrə lisenziya əldə ediblər.
Aprelin ilk yarısında Portuqaliyanın Portimao şəhərində təşkil olunan Avropa çempionatında Selcan Mahsudova və Maqsud Mahsudov fərdi proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə sinxron proqramda uğurla çıxış edərək Avropa Oyunlarına vəsiqə qazanıblar.
Sentyabrın əvvəlində İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında isə qarışıq cütlük proqramında mübarizə aparan Mədinə Mustafayeva və Vladimir Dolmatov Avropa Oyunlarında iştirak hüququna yiyələniblər.
Bununla belə, lisenziya mübarizəsi hələ yekunlaşmayıb. Yaxın vaxtlarda təşkil olunacaq akrobatika gimnastikası və tamblinq üzrə Dünya çempionatları, həmçinin 2027-ci ildə baş tutacaq idman gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları gimnastlarımız üçün yeni lisenziya imkanları yaradacaq.
Namiq HUN