Prezident dini radikalları ifşa etdi: Dinimizi söyənlər hara yox oldu?
“Elə bil qurbağa gölünə daş atıblar. Qulaqlarımız, gözümüz dincəlməyə başlayır. Özlərini "ateist" adlandıran, hər gün sosial şəbəkələrdə bu millətin dinini söyən, inancını aşağılayan, təhqir edən ünsürlər, tör-töküntülər çəkildilər qınlarına, toz oldular, buxar oldular, uçdular getdilər. Hərdən ordan-burdan bir-iki səs çıxır, ta indi o da çıxmalıdır, təmiz susmaq da yaxşı deyil, adamlar neçə ildir həyatlarını sərf edib "allahsız" imici alıblar, sifarişçilərini bu qədər də narazı sala bilməzlər...”
Bunu TodayPress TV-yə açıqlamasında yazıçı, publisist və tədqiqatçı Arzu Əsəd deyib.
O bildirib ki, Çevik 1-in həbsi göstərdi ki, bu dövlət öz müqəddəs torpağı üstündə, nə də öz virtual məkanında Çevik 2-lərə, Çevik 3-lərə... meydan vermək fikrində deyil:
“Ölkə prezidenti də dünən aydın şəkildə, səlis bir nitqlə bəyan etdi ki, Azərbaycan xalqının dini İslamdır, bu ölkədə onun mövcud qanunlarına əsasən islamofobiyaya, islama qarşı düşmənçiliyə, islam dininin, eləcə də bütün dinlərin təhqirinə, aşağılanmasına əsla yol verilməyəcək. Prezidentin çıxışı Azərbaycandakı dini təşkilatların, ölkə ziyalılarının, intellektuallarının qarşısında o məsuliyyəti də qoyur ki, ölkədə dini maarifləndirmə işi genişlənsin, din adına cəhalətin, xurafatın yayılmasına, xarici ölkə çevrələrinin din ixracına, vətəndaşlarımızın müxtəlif məzhəblər adı altında radikallaşmasına, qarşıdurmasına təşviq edəcək ideoloji təxribatlara qarşı düşüncə meydanı boş buraxılmasın. İfrat bütün hallarda pisdir; istər ateizm olsun, istər din. Hər ikisinin kəsilməli, atılmalı yeri kəsilib atılmalı, bəhrələnməli, faydalanmalı cəhətləri idrakımıza, mənəviyyatımıza qarışıb şəxsiyyətimizi, cəmiyyətimizi inkişaf etdirməlidir. Bunun üçün də sosial şəbəkələrdən hər iki cəbhənin radikal ünsürləri rədd olunmalı, qınanmalı, vaxtında cavabları verilməli, təşviq edilməməli, intellektin, ərkanın, qarşılıqlı sayğının hökm sürdüyü mübahisə, müzakirə, dialoq çərçivəsi bərqərar edilməli, qanunla çox açıq-aydın şəkildə ifadə olunan düşüncə, ifadə azadlığı ilə vicdan azadlığı arasındakı sərhədlər bizim şüurumuzun, ictimai davranışlarımızın, mənəviyyatımızın sərhədləri ilə üst-üstə düşməlidir”.
Tədqiqatçı əlavə edib ki, Azərbaycan xalqı öz intellekti, iradəsi, əzmi ilə həm bizi əhatə edən qonşu islam dövlətləri, həm də bütün dünya üçün dinin və dünyəviliyin qarşılıqlı təsir və əlaqəsini, harmoniyasını yarada biləcək sekulyar dövlət nümunəsini tarix səhnəsinə çıxarmaq qüdrətindədir.
Qiymət Mahir