ABŞ-nin sanksiya siyasəti niyə rejimləri dəyişdirə bilmir?
ABŞ-nin uzun illərdir tətbiq etdiyi sanksiya və iqtisadi təzyiq siyasətinin hədəfində olan bir sıra ölkələrdə hakimiyyətlər hələ də dəyişməyib.
Kuba onilliklərdir ABŞ embarqosunun təsiri altındadır. Şimali Koreya isə dünyanın ən sərt sanksiyalarına kriptovalyuta oğurluğu və Rusiyaya hərbi dəstək göstərməklə cavab verib. 2022-ci ildə Rusiyanın iqtisadiyyatının kəskin şəkildə daralacağı proqnozlaşdırılsa da, ölkə iqtisadiyyatı gözlənildiyi miqyasda çökməyib. Venesuelada isə iqtisadiyyat təxminən 75 faiz kiçiləndə belə Nikolas Maduro hakimiyyətdə qalmağa davam edirdi.
İran da son 45 il ərzində ABŞ-nin təzyiq və sanksiyalarına uyğunlaşmaq üçün alternativ mexanizmlər formalaşdırıb. Tehran Çinlə paralel maliyyə sistemindən istifadə edir, quru sərhədləri boyunca ticarəti davam etdirir və iqtisadi təcrid siyasətinin təsirlərini azaltmağa çalışır.
Maraqlıdır, ABŞ-nin sanksiya siyasəti niyə rejimləri dəyişdirə bilmir?

Sözügedən məsələ ilə bağlı politoloq Şakir Ağayev TodayPress TV-yə danışarkən bildirib ki, dünya hazırda həm iqtisadi, həm də geosiyasi keçid dövrünü yaşayır:
"Bu keçid kifayət qədər genişmiqyaslı xarakter daşıyır. Artıq uzun müddətdir II Dünya müharibəsindən sonra formalaşmış bir sistem mövcud idi. Bu, əsasən qlobalistlərin liberal iqtisadi siyasətinə söykənən iqtisadi sistem idi. Lakin artıq həmin sistem əvvəlki effektivliyini itirir və dövlətlər öz maraqlarına uyğun iqtisadi münasibətlər qurmağa başlayırlar.
II Dünya müharibəsindən sonra, xüsusilə 1945–1949-cu illərdən etibarən beynəlxalq maliyyə sistemində əsas rol dolların üzərinə düşürdü. İndi isə dövlətlər tədricən öz milli valyutaları ilə ticarət əlaqələri qururlar. Hər bir dövlət öz maraqlarından çıxış edərək digər ölkələrlə iqtisadi və siyasi münasibətlərini buna uyğun formalaşdırır”.
O qeyd edib ki, artıq dövlətlər sanksiyalara da əvvəlki kimi yanaşmırlar:
"Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi sanksiyalara üzv dövlətlərin qoşulması tələb olunur. Lakin son dövrlərdə ABŞ və Avropa İttifaqı öz maraqlarına cavab verməyən dövlətlərə qarşı birtərəfli sanksiyalar tətbiq edir və digər ölkələri də müxtəlif təzyiq və hədələrlə bu sanksiyalara qoşulmağa məcbur etməyə çalışır.
Bəzi dövlətlər artıq anlayıblar ki, bu sanksiyalar hər zaman hansısa dəyərlərin qorunması məqsədi daşımır, əksinə, ABŞ və Qərbin maraqlarını təmin etmək üçün tətbiq olunur. Həmin dövlətlər və orada yaşayan insanlar da başa düşürlər ki, sanksiyalar əslində ölkənin rifahına mənfi təsir göstərir".
Analitik bir hakimiyyəti dəyişmək məqsədilə bütöv dövlətə qarşı sanksiya tətbiq edildikdə, bunun nəticəsində ilk növbədə həmin ölkənin əhalisinin zərər çəkdiyini diqqətə çatdırıb:
"Təbii ki, xalq bunu müsbət qarşılamır. İnsanlar anlayırlar ki, tətbiq olunan sanksiyalar onların rifahını yaxşılaşdırmaq üçün deyil, hakimiyyət dəyişikliyinə nail olmaq və ABŞ, yaxud Avropa İttifaqının maraqlarını həyata keçirmək məqsədi daşıyır. Bu isə nəticədə əhalinin hakimiyyətin ətrafında daha sıx birləşməsinə səbəb olur.
Hakimiyyətin dəyişdirilməsini isə yalnız xalq həyata keçirə bilər. Hakimiyyətin mənbəyi xalqdır. Xalq sanksiyaların birbaşa onun güzəranına və sosial vəziyyətinə təsir etdiyini anlayanda, sanksiya tətbiq edən dövlətlərə qarşı daha aqressiv münasibət formalaşa bilər.
Ona görə də hazırda dünya həm iqtisadi, həm də geosiyasi keçid dövrünü yaşayır. Qlobalistlərin həyata keçirdiyi liberal siyasət əvvəlki etimadı doğrultmur. ABŞ-nin təkhakimiyyətlilik və qlobal hökmranlıq siyasəti də artıq ciddi müqavimətlə üzləşir. Bu gün daha çox çoxqütblü dünyanın formalaşdırılması uğrunda mübarizə gedir".
Politoloq sonda əlavə edib ki, belə bir şəraitdə sanksiyaların effektivliyi də əvvəlki kimi olmur və onlar hər zaman gözlənilən hakimiyyət dəyişikliyinə gətirib çıxarmır.
Jalə Rövşən