ABŞ niyə sursat toplayır? - “İstənilən vəziyyətə hazırıq!”
ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi əməliyyatlar üçün böyük həcmdə sursat ehtiyatına malik olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, Amerika lideri bu barədə sosial şəbəkə hesablarından birində paylaşım edib.
Tramp bildirib ki, ABŞ-nin orta və yüksək keyfiyyətli sursat ehtiyatları demək olar ki, məhdudiyyətsizdir və bu ehtiyatlar İranla bağlı hazırkı hərbi əməliyyatlar və gələcək mümkün müharibələr üçün kifayət qədər böyükdür.
ABŞ lideri eyni zamanda ölkəsində sursat istehsalının görünməmiş miqyasda artırıldığını və ehtiyatların toplanıldığını qeyd edib.
Trampın sözlərinə görə, hazırda ABŞ istehsal etdiyi sursatı əsasən öz ehtiyacları üçün saxlayır. O, müttəfiqlərə silah satışının isə yaxın zamanda bərpa ediləcəyini bildirib.
Tramp həmçinin keçmiş prezident Co Bayden administrasiyasının Ukraynaya ABŞ-nin İranda istifadə etdiyindən daha çox sursatı ödənişsiz şəkildə göndərdiyini iddia edib.
O, ABŞ-nin Ukrayna və NATO-ya yüz milyardlarla dollar dəyərində yardım göstərdiyini, bu xərclərin əslində Avropa ölkələri tərəfindən qarşılanmalı olduğunu vurğulayıb.
Kübra Musayeva