Putin "Qarabağ kartını yandırdı" - Külü ilə oynayır...

Putin "Qarabağ kartını yandırdı" - Külü ilə oynayır...
03.09.2026 17:24 Təhlil

“Kremldəki qocanın ən sevimli mövzularından biri, bildiyiniz kimi, keçmiş “Qarabağ məsələsi”dir. Azərbaycan bu məsələni artıq çoxdan (6 ildir) tarixin arxivinə göndərsə də, Putin və onun tutuquşu səhabələri – Lavrov, Peskov və Mariya Zaxarova hər fürsətdə dönüb-dolaşıb bu mövzunu yenidən gündəmə gətirirlər”.

TodayPress TV xəbər verir ki, bunu siyasi şərhçi Bəybala Mirzə deyib.


Ekspert bunun gizli-açıq səbəbləri və motivlərinin çox olduğunu bildirib:

“Bütün səbəblər “Qarabağ məsələsi”nin, əslində, Putinin sevimli mövzusu yox, ən yaralı yeri olduğunu göstərir. Bunu Putinin Bişkekdə ŞƏT-in yubiley sammitindən sonra keçirdiyi mətbuat konfransındakı fövqəladə etiraflarından da görmək mümkündür.

Belə ki, gecə saatlarında jurnalistləri başına yığıb onlara düz 3 saat brifinq verən Rusiya lideri əvvəlcə yaxın keçmişi qurdalamaq istəmədiyini desə də, daha sonra heç kimin gözləmədiyi şok bir etirafda bulunur: “Yaxın keçmişi qurdalamaq istəmirəm, amma hər şey Qarabağ problemindən başladı”...

“Amma hər şey Qarabağ problemindən başladı” deyərkən Rusiyanın hiyləgər və məkrli lideri nəyi nəzərdə tutur?

Bu sualın cavabını, məncə, İlham Əliyevin bir neçə il öncəki çox mühüm açıqlamasında axtarmaq lazımdır: “Biz İkinci Qarabağ müharibəsindəki qələbəmizlə dünya miqyasında çox böyük geosiyasi layları tərpətdik”.

Bu həqiqəti Putin də çox gözəl anlayır. Lakin o, bu həqiqəti ilk dəfədir ki, belə açıq şəkildə dilə gətirir.

Ardınca isə yenə də köhnə, həmişəki valı təkrarlayır: “Ermənistan rəhbərliyi Praqada müvafiq sənədi imzalayaraq Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb. Bu andan etibarən bizim bu məsələ ilə bağlı mövqeyimiz ikili xarakter almağa başladı. Biz Azərbaycanın daxili siyasi işlərinə qarışmalı idik? Qərb, Avropa ölkələri – hamısı Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyirdi”.

Analitik vurğulayıb ki, bu açıqlamada həm Rusiyanın 44 günlük müharibədən sonra nəyin bahasına olursa-olsun erməniləri Qarabağda saxlamaq planı özünü açıq göstərir, həm də Putin birbaşa İlham Əliyevə yaranır:

“Ermənistan tərəfi bölgədə yaşayan erməni əhalinin hüquq və maraqlarının təmin olunacağına ümid edirdi. Prezident Əliyev həmin insanlara qarşı heç bir pis iş görməzdi. O, müasir, ziyalı insandır və onların maraqlarını 100 faiz təmin etməyə çalışardı. Lakin onlar yenə də orada qalmazdılar. Belə də oldu”. (red. Vladimir Putinin açıqlaması)

Onun sözlərinə görə, bu etirafları ilə Putin 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatına qədər Qarabağ separatçılarının arxasında məhz Rusiyanın dayandığını bir daha təsdiqləmiş oldu:

“Bu açıqlamalar Putin Rusiyasının nə qədər araqarışdıran, pozucu bir monstr olduğunu nümayiş etdirir.

Putin Qarabağ məsələsini xatırlatmaqla, əslində, Rusiyanın regional təsir alətini itirdiyini dolayısı ilə etiraf edir. Onun “hər şey Qarabağ problemindən başladı” ifadəsi Rusiyanın bölgədə əvvəl separatçı mövqeləri qorumağa, sonra isə vəziyyət dəyişəndə özünü yeni reallığa uyğunlaşdırmağa çalışmasının sübutu kimi başa düşülməlidir. Putinin açıqlamaları bu yeni reallığı qəbul etməyə məcbur qaldığını göstərir”.

Bəybala Mirzə əlavə edib ki, Rusiya liderinin belə ənənəvi tərzdə Qarabağ barədə danışması təsadüfi deyil:

“Bu mövzu Kremlin Cənubi Qafqaz siyasətindəki itkilərini, xüsusən də 2023-cü ildən sonra bölgədə təsir imkanlarının zəifləməsini ört-basdır etməyə və Azərbaycanla münasibətləri yumşaltmağa hesablanıb. Putin Qarabağ “kartı” ilə oynayan, amma artıq zəifləyən liderdir.

Bu mənada İlham Əliyevi müasir, intellektual insan kimi təqdim etməsi də Putinin səmimiyyətindən yox, az öncə də qeyd etdiyim kimi, məhz yaranmaq niyyətindən irəli gəlir. Onun Azərbaycan rəhbərinin ünvanına dediyi tərifli sözlər Kremlin Azərbaycanla bağlı gerçək niyyətlərini pərdələmək məqsədini güdür. Necə deyərlər, Rusiya liderinin diplomatik təbəssümünün arxasında imperiya hesabı var. Rusiya bu gün sadəcə və sadəcə manipulyativ və imperial aktordur, Putinin tərifləri isə taktiki gedişdir.

Və bu, həm də diplomatik fənd, psixoloji priyomdur. Çünki sanksiyalar ucbatından tamamilə küncə sıxılmış Rusiyanın bu gün həqiqətən də Azərbaycanla intensiv əməkdaşlığa hava-su kimi ehtiyacı var. Hazırkı ağır sanksiyalar və güclü beynəlxalq təzyiqlər fonunda Azərbaycanla münasibətləri qorumaq Rusiya üçün az qala ölüm-dirim məsələsi kimi həyati əhəmiyyət daşıyır. Ona görə də Putinin əvvəlki imperial ədalarından, supergüc təkəbbüründən və eqosundan imtina edərək yenidən Əliyevin rəğbətini qazanmağa çalışması anlaşılandır”.

Ekspert İlham Əliyevin Putinin kompliment xarakterli sözlərinin səmimiliyinə inanmadığını vurğulayıb:

“Əlbəttə ki, yox, inanmır. Lakin bununla belə, Əliyev Putinin münasibətləri yaxşılaşdırmaq, yumşaltmaq jestlərini normal qarşılayır.

Çünki hazırkı situasiyada hələ ki Əliyev də öz oyununu oynayır. Və mən əminəm ki, günün birində Əliyev birbaşa Putinin üzünə deyəcək ki, “Ay yoldaş, “Qarabağ kartı”nın istifadə müddəti artıq bitib, indi bu kart istifadəyə yararsızdır. Sənin hər dəfə Qarabağı yada salmaqda, gündəmə gətirməkdə məqsədin nədir? Xahiş edirəm, qurtarın bu komediyanı!”.

Və tərpətdiyimiz dərin layların doğurduğu qlobal geosiyasi proses də gün gələcək postsovet məkanının bütövlükdə Kremlin caynaqlarından tam xilas olunması ilə yekunlaşacaq. Bugünkü Rusiya Cənubi Qafqazda tarixi və legitim maraqları olan normal aktor deyil, öz keçmiş təsirini qorumaq üçün süni böhran yaradan gücdür. Ancaq Azərbaycan da əvvəlki Azərbaycan deyil. Azərbaycan indi qarşısındakı böyük gücləri oxuya bilən, onları neytrallaşdıra bilən və öz şərtlərini diktə edən suveren dövlətdir. Bakı artıq passiv oyunçu deyil, regionda qərarverici aktordur. Ona görə də Moskvanın keçmiş təzyiq alətləri artıq burada işləmir". 

O qeyd edib ki, bu gün Ermənistan artıq regionun əsas siyasi düyünü deyil. Əsas düyün Rusiya–Azərbaycan münasibətləridir:

“Bu, Qarabağdan sonrakı regional düzənin dəyişdiyini göstərən ideoloji işarədir. Yəni münaqişənin əsas konturu artıq Bakı–İrəvan deyil, Bakı–Moskva münasibətlərinin üzərindən oxunur. Yəni ki, yeni reallıq köhnə kartları sıradan çıxarıb. Ona görə də Moskvanın köhnə geosiyasi təsir alətləri, şantaj mexanizmləri və emosional manipulyasiyalar artıq təsir gücünü itirib. Köhnə regional təzyiq rıçaqları və narrativlər sıradan çıxıb. Bunlar işləmir.

Bu isə artıq ümumilikdə yeni siyasi nizamın qəbulunu təlqin edir və Putin Rusiyasını da mövqe seçməyə çağırır: ya Azərbaycanın yeni reallığını qəbul edirsən, ya da köhnə imperiya diskursunu davam etdirməyində ol...

Ən önəmlisi odur ki, bu gün Azərbaycan postsovet ölkələrinin cığır açanı, bələdçisi rolunda çıxış edir!”. 

Jalə Rövşən

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər