Sərhəd skandalı, sülh, kilsə savaşları – Ermənistanda NƏ BAŞ VERİR?

Sərhəd skandalı, sülh, kilsə savaşları – Ermənistanda NƏ BAŞ VERİR?
09.10.2026 17:51 Araşdırma

Qərb qonşumuz eyni anda həm sülh sazişinin qələmini mürəkkəbləyir, həm də hər an alovlana biləcək yeni bir gərginliyin nəfəsini kürəyində hiss edir.

Ermənistanda aparıcı xəbər  platformalarının son günlərdəki xəbər axınını incələdikdə, bu təşvişli ab-havanın heç də təsadüfi olmadığı aydın görünür.

Son günlərin ən səs-küylü daxili hadisəsi Şaki kəndi yaxınlığında azərbaycanlı hərbçinin sərhədi keçməsi və yerli sakinin yaralanması ilə bağlı yayılan qalmaqallı xəbər oldu. Müxalifət media resursları bu insidenti dərhal hakimiyyətin sərhəd təhlükəsizlik sisteminin iflası kimi manşetlərə çıxardığı halda, müdafiə naziri Suren Papikyan parlamentdəki çıxışında müəyyən boşluqların olduğunu etiraf etməli oldu.

Baş nazir Nikol Paşinyan isə öz mətbuat konfransında bu hadisəyə toxunaraq, saxlanılan hərbçinin digər məhbuslarla dəyişdirilməsi ehtimalını qəti şəkildə rədd etdi və məsələnin yalnız hüquqi müstəvidə həll ediləcəyini vurğuladı.

Hadisədən dörd gün sonra isə Paşinyan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına nəzarət edən direktor müavini Davit Sanamyanı vəzifədən azad etdi; rəsmi səbəb göstərilməsə də, zamanlama hər kəsə aydındır.

Məhz bu daxilə yansıyan gərginlik fonunda, oktyabrın 8-də Gorus şəhərində iki ölkə nümayəndələrinin gözlənilmədən qapalı görüş keçirməsi diqqət çəkdi. Görüşdə TRIPP  layihəsi çərçivəsində tərəflər arasında elektrik ötürücü xətlərinin çəkilməsi və nəqliyyat infrastrukturunun bərpası müzakirə olundu. Hətta Paşinyan son açıqlamasında artıq Azərbaycan dəmir yolundan Ermənistana yük daşınmasında istifadə edildiyini bəyan edərək bunu “səssiz-səmiriz fəaliyyətə başlayan sülhün ilk praktiki nəticəsi” kimi təqdim etdi.

İrəvanın xarici siyasət masası da az qaynamır. Oktyabrın 4-5-də Xarici İşlər Naziri Ararat Mirzoyan Tehranda Prezident Məsud Pezeşkiyan, XİN rəhbəri Seyid Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqer Qalibaf ilə görüşərək TRIPP layihəsini, enerji və nəqliyyat əməkdaşlığını müzakirə etdi; İran tərəfi isə “üçüncü qüvvələrin” regiona müdaxiləsinə qarşı xəbərdarlıq etdi. Eyni günlərdə Ermənistanın infrastruktur naziri Davit Xudatyan Türkiyə Elektrik Ötürücü Korporasiyasının rəhbəri ilə görüşərək Gyumri–Kars elektrik xəttinin bərpasını müzakirə etdilər.

Baş nazir Paşinyanın Aşqabadda keçirilən MDB sammitinə yollanması və oradakı təmasları media gündəminin mərkəzinə "oturdu".  Xüsusilə Paşinyanın İran Prezidenti Məsud Pezeşkiyanla təkbətək görüşü, İlham Əliyevlə qeyri-rəsmi söhbəti, eləcə də sammit kürsüsündən “Ermənistan və Azərbaycan arasında sülh artıq baş vermiş fakta çevrilib” deyərək Prezident İlham Əliyevlə birgə Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək təşəbbüsü operativ lentlərin əsas sensasiyasına çevrildi. Paralel olaraq, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanı kəskin tənqid edən bəyanatları və Paşinyanın buna verdiyi sərt reaksiyalar Moskva ilə İrəvan arasındakı soyuq küləklərin hələ uzun müddət əsəcəyindən xəbər verir.

Qərblə yaxınlaşma kursunu qorumağa çalışan İrəvan rəsmiləri əməliyyatları Aİ-nin mülki missiyası (EUMA) ilə intensivləşdirərək, Avropa Parlamentinin 8 oktyabr 2026-cı il tarixində  obyektivlikdən uzaq  və Azərbaycana qarşı qərəzli siyasi hərəkət olan erməni məhbuslarla bağlı qəbul etdiyi son qətnaməni media vasitəsilə diplomatik uğur kimi tirajlayırlar.

Daxili siyasətdə isə gərginlik fərqli bir cəbhəyə — kilsəyə adlayıb. Parlamentin vitse-spikeri Ruben Rubinyanın imzası ilə Ermənistan Həvari Kilsəsinin maliyyə və fəaliyyət mənbələrini araşdırmaq üçün parlamentdə xüsusi komissiyanın yaradılması media məkanında əsl tufan qoparıb. Müxalifət bunu milli dəyərlərə qarşı hücum kimi qiymətləndirir, hökümət mediası isə  prosesin dövlət suverenliyinin qorunması olduğunu deyir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər