İçməli su böhranına Xəzərdən çarə: Dəniz suyu süfrəmizə gələcək - AÇIQLAMA
İqlim dəyişiklikləri, buzlaqların əriməsi, quraqlıqların artması və əhalinin çoxalması dünyada şirin su ehtiyatlarının sürətlə azalmasına səbəb olur. Şübhəsiz ki, bu proseslər gələcəkdə Azərbaycana da təsirsiz ötüşməyəcək.
Bəs Xəzər dənizinin suyunun duzsuzlaşdırılması nə qədər içməli su tələbini qarşılaya bilər?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Sadiq Həsənov deyib ki, Xəzər dənizinin suyunu içməli su səviyyəsinə qədər duzsuzlaşdırmaq mümkündür.
Onun sözlərinə görə, dünyada su ehtiyatları məhdud olan bir sıra ölkələrdə bu texnologiyadan geniş istifadə olunur:
"Xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İsrail, Pakistan və digər ölkələrdə dəniz suyunun birbaşa duzsuzlaşdırılması yolu ilə ondan həm kənd təsərrüfatında, həm texniki məqsədlər üçün, həm də içməli su kimi istifadə edilir. Bunun üçün, sadəcə, müvafiq texnoloji prosesə tam riayət etmək lazımdır".
Ekoloq bildirib ki, dəniz suyunun duzsuzlaşdırılmasının əsasən iki üsulu mövcuddur. Bunlardan biri əks osmos üsuludur:
"Azərbaycanda da bu texnologiya Xəzər dənizinin bir sıra ərazilərində, xüsusilə neft sənayesində, dəniz platformalarında, o cümlədən Çıraq yatağında və Neft Daşlarında tətbiq olunur.
Əks osmos qurğularında su yüksək təzyiq altında xüsusi membranlardan keçirilir. İlkin mərhələdə su iri fiziki hissəciklərdən təmizlənir və filtrasiyadan keçirilir. Daha sonra yüksək təzyiqlə membrana ötürülür. Bu membranların məsamələri mikron və nanometr ölçüsündə olur. Membranlardan su molekulları keçə bilir, lakin duzlar və digər həll olmuş maddələrin böyük hissəsi membranın digər tərəfində saxlanılır. Nəticədə yüksək dərəcədə təmizlənmiş, duzsuzlaşdırılmış su əldə edilir. Bu suyun tərkibinə sonradan maqnezium, kalsium və digər zəruri minerallar əlavə etməklə onu minerallaşdırmaq və içməli su standartlarına uyğunlaşdırmaq mümkündür".
İkinci üsul isə termiki duzsuzlaşdırma metodudur. Bu zaman xüsusi zavodlarda dəniz suyu yüksək temperaturda qızdırılır, buxarlandırılır və əmələ gələn buxar kondensasiya edilərək yenidən suya çevrilir:
"Nəticədə duzlardan təmizlənmiş su əldə olunur. Termiki üsul əks osmosla müqayisədə daha baha başa gəlir. Əks osmos üsulunun da müəyyən çatışmazlıqları var. Belə ki, istifadə olunan membranlar zamanla çirklənə və tıxana bilər. Buna görə də dəniz suyunun keyfiyyətindən və qurğunun istismar şəraitindən asılı olaraq membranların mütəmadi təmizlənməsi və müəyyən müddətdən sonra dəyişdirilməsi tələb olunur. Bu texniki tələblərə əməl edilmədikdə qurğunun effektivliyi aşağı düşə və əldə olunan suyun keyfiyyətinə mənfi təsir göstərə bilər".
Ekspertin fikrincə, Azərbaycanda həyata keçiriləcək bu cür layihələrdən ilkin mərhələdə, əsasən, texniki məqsədlər üçün istifadə etmək daha məqsədəuyğun olar:
"Çünki hazırda ölkəmizin şirin su ehtiyatları mövcud olsa da, bu ehtiyatlardan səmərəli istifadə etmək və onların qorunmasını təmin etmək vacibdir. Eyni zamanda, şirin suyun təmizlənməsi və filtrasiyası dəniz suyunun duzsuzlaşdırılması ilə müqayisədə, bir qayda olaraq, daha sadə və daha az xərc tələb edən prosesdir. Bu baxımdan, duzsuzlaşdırılmış dəniz suyundan küçələrin yuyulmasında, yaşıllıq sahələrinin suvarılmasında və sənaye müəssisələrində texniki məqsədlər üçün istifadə etmək olar. Dünyanın bir sıra ölkələrində bu texnologiya öz effektivliyini artıq sübut edib. Azərbaycanda da düzgün texniki yanaşma və iqtisadi əsaslandırma ilə tətbiq olunarsa, müsbət nəticələr əldə etmək mümkündür. Digər tərəfdən, içməli su ehtiyatlarımızdan daha səmərəli istifadə etməli, mövcud şirin su mənbələrinin qorunmasına və təmizlənməsinə üstünlük verməliyik".
Sadiq Həsənov sonda qeyd edib ki, dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının tətbiqinə ehtiyac və onun iqtisadi səmərəliliyi düzgün qiymətləndirilməli, bu üsul ilk növbədə texniki su tələbatının ödənilməsi istiqamətində nəzərdən keçirilməlidir.
Türkan İsgəndərli