1200-dən çox məhsulla bağlı YENİ QAYDALAR – Alıcıları nə gözləyir?
“Azərbaycanda qeyri-qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni texniki tənzimləmə sistemi formalaşdırılıb. Bu çərçivədə 34 mal kateqoriyası və 1200-dən çox mal növü müəyyən edilib”.
TodayPress TV xəbər verir ki bu fikirləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, Texniki Tənzimləmə Şöbəsinin müdiri Elməddin Quliyev “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” adlı media təlimində deyib.
Qida təhlükəsizliyi qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələləri əhatə etdiyi kimi, texniki tənzimləmə də qeyri-qida mallarının təhlükəsizliyi ilə bağlı məsələləri tənzimləyir. Bu ekosistem malın yaradılmasından və istehsalından başlayaraq istehlakçıya satışına qədər bütün mərhələlərdə məhsulun təhlükəsizliyinin təmin edilməsini özündə ehtiva edir.
Keyfiyyət nisbi və dəyişə bilən anlayışdır və standartlarla tənzimlənir. Keçmiş sovet sistemindən qalan “QOST” və “DÜST” standartlarında həm keyfiyyət, həm də təhlükəsizlik tələbləri öz əksini tapırdı. Lakin yeni qlobal yanaşmaya əsasən, dövlətlər məhsulların təhlükəsizliyi ilə bağlı məsələləri öz nəzarəti altında saxlayır, keyfiyyət məsələləri isə bazar iştirakçılarının və istehlakçıların seçiminə buraxılır.
Hazırda ölkədə keyfiyyətlə bağlı məsələlər standartlarla, təhlükəsizliklə bağlı məsələlər isə texniki reqlamentlərlə tənzimlənir.
Texniki reqlament malların təhlükəsizliyinə dair məcburi tələbləri özündə ehtiva edir. Məsələn, ətriyyat və kosmetika məhsulları istehsal edən sahibkar və ya həmin məhsulları ölkəyə idxal edən şəxs məhsulunun texniki reqlamentin tələblərinə uyğun olduğunu bəyan edə bilər. Lakin istehlakçının bu məhsulun həqiqətən dövlət tərəfindən müəyyən edilmiş təhlükəsizlik tələblərinə uyğunluğuna əmin olması üçün müvafiq qiymətləndirmə prosedurları həyata keçirilməlidir.
Ölkəmizdə uyğunluğun qiymətləndirilməsi prosedurları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.
Əvvəllər bütün məhsulların uyğunluq sertifikatına malik olması, sertifikatlaşdırılması tələb edilirdi. Lakin müasir beynəlxalq təcrübədə bütün məhsulların mütləq şəkildə sertifikatlaşdırılması yanaşması mövcud deyil.
Azərbaycanda da texniki tənzimləmə sisteminin qurulması zamanı beynəlxalq təcrübədən istifadə olunub. Bunun bariz nümunəsi 2023-cü ildə təsdiq edilmiş milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdir.
Agentlik tərəfindən görülən işlər nəticəsində 34 mal kateqoriyası müəyyənləşdirilib. Həmin mal kateqoriyaları Nazirlər Kabinetinin 2025-ci ildə qəbul etdiyi 61 nömrəli qərarla təsdiq edilib.
Həmin kateqoriyalara yüngül sənaye məhsulları, mebel məhsulları, oyuncaqlar, qaz yanacağı ilə işləyən avadanlıqlar, attraksionlar, uşaq oyun meydançaları üçün mallar, liftlər, eləcə də texniki vasitələrin elektromaqnit uzlaşması ilə bağlı məsələlər daxildir.
Zəhra Məmmədova