"Kənddə villada yaşayanla şəhərdə darısqal evdə qalan bir tutulmamalıdır" - Deputat təklif etdi, iqtisadçı qarşı çıxdı

"Kənddə villada yaşayanla şəhərdə darısqal evdə qalan bir tutulmamalıdır" - Deputat təklif etdi, iqtisadçı qarşı çıxdı
26.11.2026 14:06 Sosial

Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında kənd yerlərində yaşayan əhali üçün kommunal xidmət tariflərinin aşağı salınmasını təklif edib.

Bəs kənd yerlərində kommunal tariflərin aşağı salınması əhalinin kəndlərdə məskunlaşmasına və yaşayış sayının artmasına təsir göstərə bilər?

Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli isə kənd yerlərində yaşayan əhali üçün kommunal xidmətlərə güzəştli tariflərin tətbiqinin əleyhinə olduğunu deyib.

Ekspert TodayPress TV-yə açıqlamasında qeyd edib ki, insanların yaşadıqları coğrafi mövqeyə və ya yaşayış məkanına görə kommunal xidmətlərdə fərqli tariflərin müəyyənləşdirilməsi düzgün yanaşma deyil:

"Digər məsələ isə budur ki, hər hansı xidmətin müəyyən bir qiyməti varsa, həmin xidməti daha ucuz qiymətə təqdim etmək dövlət büdcəsinə əlavə yük yaradır. Bununla yanaşı, əhalinin regionlardan köçməsinin əsas səbəbi iqlim şəraiti, yəni havanın soyuq və ya isti olması deyil. Bunun başlıca səbəbi iqtisadi imkanların və iş yerlərinin məhdudluğu, eləcə də təhsil və səhiyyə xidmətlərinin şəhərlərdə daha əlçatan olmasıdır. Eyni zamanda, sosial həyatın, mədəni və əyləncə imkanlarının böyük şəhərlərdə daha geniş olması da insanların köç qərarına təsir göstərir. İnsanlar bəzən hətta Bakını da tərk edərək Los-Ancelesə, Münhenə və digər böyük şəhərlərə üz tuturlar. Bu da göstərir ki, insanların yaşayış yeri seçiminə təsir edən amillər yalnız iqlim və coğrafiya ilə məhdudlaşmır".

İqtisadçı vurğulayıb ki, insanların yaşadıqları əraziyə görə fərqli tariflərin tətbiq olunması coğrafi ayrı-seçkilik yarada bilər və o, belə yanaşmanın tərəfdarı deyil:

"Çünki şəhərdə yaşayan, 20-30 kvadratmetrlik mənzildə məskunlaşan çoxsaylı aztəminatlı insanlar var. Eyni zamanda, kənd yerlərində 250-300, hətta 500 kvadratmetr sahəsi olan villalarda və böyük malikanələrdə yaşayan kifayət qədər imkanlı insanlar da mövcuddur. Ona görə də kommunal tariflərin insanların yaşadıqları əraziyə görə fərqləndirilməsi sosial ədalətsizliyə və ayrı-seçkiliyə səbəb ola bilər".

Xalid Kərimli hesab edir ki, güzəştlər coğrafi məkana görə deyil, insanların real sosial və maddi vəziyyəti nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər