Ən yaxın sosial xidmət mərkəzini XƏRİTƏDƏN TAPMAQ OLACAQ
Sosial
19.01.2026 11:55
Sosial xidmətlərə əlçatanlığın artırılması və proseslərin optimallaşdırılması məqsədilə Agentlik tərəfindən iki yeni rəqəmsal layihənin icrasına başlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, ötən ilin sonlarında Agentlik tərəfindən Sosial Xidmət Xəritəsi və “Sosial işin idarə olunması” elektron sistemi adlı iki mühüm layihənin icrasına start verilib. Bu rəqəmsal həllər DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanaraq istifadəyə verilib.
Bildirilib ki, Sosial Xidmət Xəritəsi ölkə üzrə sosial xidmətləri vahid rəqəmsal platformada birləşdirir və onların coğrafi yerləşməsini interaktiv xəritə üzərindən vizual şəkildə təqdim edir. Platforma şəffaflığın, əlçatanlığın və səmərəliliyin artırılmasına xidmət edir.
İstifadəçilər xəritə üzərindən xidmət növlərinə görə axtarış apara, yaşadıqları əraziyə ən yaxın sosial xidmət müəssisə və mərkəzləri, icra olunan sosial layihələr, eləcə də inklüziv və mədəni tədbirlər barədə ətraflı məlumat əldə edə və birbaşa müraciət edə bilərlər.
Qeyd olunub ki, Sosial Xidmət Xəritəsindən yararlanmaq istəyən şəxslər e-Sosial portalı vasitəsilə maraqlandıqları istiqamət üzrə seçim edə bilərlər. Platformanın əsas məqsədi sosial xidmətlərə ehtiyacı olan həssas əhali qrupları üçün vaxt itkisini və əlavə müraciət prosedurlarını minimuma endirməkdir. Növbəti mərhələdə xəritənin funksional imkanlarının genişləndirilməsi və digər qurumlarla inteqrasiyanın artırılması planlaşdırılır.
Vüqar Behbudov bildirib ki, “Sosial işin idarə olunması” elektron sistemi isə sosial xidmətlərin vahid yanaşma əsasında təşkili, sosial iş prosesinin optimallaşdırılması və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi məqsədi daşıyır. Bu sistem sosial xidmətə ehtiyacı olan şəxslər və ailələr barədə məlumat mübadiləsinin operativ aparılmasına və nəticədə xidmətlərin daha sürətli göstərilməsinə imkan yaradır.
Qiymət Mahir
tag: SXA,Vüqar Behbudov,Yekun,Konfrans,Todaypress.tv,
