Əlilliyi olan gənclər üçün yeni peşə kursları açılır

Sosial

19.01.2026 11:50

“Sosial xidmətlər sisteminin genişləndirilməsi, ailə əsaslı qayğının gücləndirilməsi və həssas qruplara əlçatanlığın artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” ölkədə sosial xidmətlər sistemində yeni inkişaf mərhələsinin əsasını qoyub. Agentliyin fəaliyyəti də bu proqramın hədəflərinə uyğun qurulub.

Bildirilib ki, əsas prioritetlər sırasında sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, ünvanlılığın və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də ixtisaslı kadr potensialının formalaşdırılması dayanır. Əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artırılması xüsusi əhəmiyyət daşıyır.

Vüqar Behbudov qeyd edib ki, Sosial Xidmət Mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi əsas hədəflərdəndir və ilin sonunadək ölkə üzrə yeni mərkəzlərin açılması planlaşdırılır. Bununla da mərkəzlərin sayı 10-a çatacaq.

O bildirib ki, dövlətin himayəsində olan uşaqların müəssisə əsaslı xidmətdən ailə əsaslı qayğı modelinə keçirilməsi, müəssisələrin ailə tipli kiçik qrup evi modelinə transformasiyası istiqamətində işlər davam etdiriləcək.

Prezidentin müvafiq Sərəncamına əsasən şəhid ailələri, müharibə əlilləri və imtiyazlı şəxslərin mənzillərlə təminatı prosesi də davam etdirilir. Qeyd olunub ki, bu proqram 2021–2030-cu illəri əhatə edir. Eyni zamanda minik avtomobilinə tibbi göstərişi olan şəxslərin cari il ərzində avtomobillərlə təmin olunması nəzərdə tutulur.

Bildirilib ki, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin fəaliyyəti 2026-cı ildə genişləndiriləcək. Mərkəzdə daha 2 yeni peşə üzrə – “Fotoqrafiya” və “Elektron avadanlıqların təmiri” istiqamətləri üzrə kurslara start veriləcək. Bu kurslara 15–29 yaşlı əlilliyi olan şəxslər müraciət edə biləcəklər.

Agentlik tərəfindən əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin, uşaqlar və ahıllar üçün günərzi qayğı mərkəzlərinin, eləcə də sosial sifarişlər çərçivəsində həyata keçirilən layihələrin sayının artırılması planlaşdırılır.

Eyni zamanda, məişət zorakılığına məruz qalmış şəxslər və insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzlərinin respublikanın müxtəlif şəhər və rayonlarında yaradılması istiqamətində işlər növbəti illərdə də davam etdiriləcək.

Vüqar Behbudov əlavə edib ki, əlilliyi olan şəxslərin idmana cəlb olunması, onların beynəlxalq yarışlarda iştirakına dəstək, eləcə də Vətən müharibəsi əlilləri, iştirakçıları və şəhid övladları üçün sosial xidmətlərin genişləndirilməsi prioritet olaraq qalır.

Qeyd olunub ki, 2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması, 220 uşağın isə müəssisələrə düşməsinin qarşısının alınması planlaşdırılır. Bununla yanaşı, 50 uşağın himayədar ailələrə yerləşdirilməsi, eləcə də 165 uşağın övladlığa verilməsi nəzərdə tutulur.

Qiymət Mahir

TodayPress TV

tag: SXA,Vüqar Behbudov,Yekun,Konfrans,Todaypress.tv,