2019-cu ildən bəri 818 uşaq övladlığa verilib
Sosial
19.01.2026 11:47
“Son illərdə uşaqların ailə mühitində böyüməsinin təmin olunması və alternativ qayğı modellərinin tətbiqi istiqamətində mühüm nəticələr əldə edilib”.
TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2019-cu ildən bu günədək 818 uşaq övladlığa verilib, onlardan 412-si oğlan, 406-sı isə qızdır. 2025-ci ildə övladlığa verilən uşaqların sayı 149 olub, həmin uşaqlardan 71-i qız, 78-i oğlandır.
Vüqar Behbudov bildirib ki, övladlığa verilən uşaqlardan 3 nəfəri əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. Ümumilikdə isə 2019-cu ildən bu günədək 4 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib. Həmin şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşları olub.
Qeyd olunub ki, himayədar ailə qayğı modeli tətbiq olunduğu dövrdən — 2023-cü ilin noyabrından bu günədək 75 uşağın himayədar ailələrə yerləşdirilməsi barədə müqavilə imzalanıb. 2025-ci ildə isə 40 uşaq himayədar ailələrə verilib, onlardan 20-si qız, 20-si oğlandır.
Bildirilib ki, 2025-ci il ərzində uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də işlər davam etdirilib. Belə ki, Qeytkipinq prosesi çərçivəsində 975 uşaq üçün Fərdi İnkişaf Planı hazırlanıb.
İl ərzində daxil olan müraciətlər əsasında 296 uşağın müəssisəyə yerləşdirilməsinə, 275 uşağın isə ailə himayəsində saxlanmasına dair qərar qəbul edilib. Eyni zamanda, 176 valideyn himayəsindən məhrum olmuş uşaq müəssisələrdən ailə himayəsinə qaytarılıb.
Qiymət Mahir
tag: SXA,Vüqar Behbudov,Yekun,Konfrans,Todaypress.tv,
