"Qoşadaş" sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır

Sənaye və energetika

10.03.2026 15:25

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qoşadaş" sahəsində 3D OBN (Ocean Bottom Node, Dəniz Dibi Nodlar) seysmik çöl işlərinin aparılmasına hazırlıq məqsədilə ilkin mərhələdə dəniz dibinin tədqiqatına başlanılır.

Bu barədə TodayPress TV-yə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, bu tədqiqatın əvvəlcədən aparılması, gələcəkdə seysmik çöl işləri zamanı nodların optimal yerləşdirilməsini və nəzərdə tutulan əməliyyatların səmərəliliyini təmin edəcək. Əldə olunan nəticələr seysmik proqramın uğurla həyata keçirilməsinə dəstək verəcək.

Tədqiqat çərçivəsində dəniz dibinin şəraitini dəqiq xəritələndirmək və potensial maneələri müəyyən etmək məqsədilə qabaqcıl çoxşüalı və sonar texnologiyalarından istifadə olunur ki, bu da dəniz dibi nodların daha təhlükəsiz və optimal yerləşdirilməsini təmin edir.

İşləri SOCAR-ın Geofizika və geologiya İdarəsi "SOCAR Fugro" şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirir.

Bu işlərin əvvəlcədən icrası gələcəkdə nəzərdə tutulmuş çöl işlərinin daha səmərəli aparılmasına və yüksək keyfiyyətli seysmik məlumatların əldə olunmasına şərait yaradacaq.

TodayPress TV

tag: SOCAR,Qoşadaş,Dəniz dibi,Tədqiqat,Todaypress.tv,