Dünyanın istənilən nöqtəsini vuracaq... - ABŞ "Qaranlıq Qartal"ı səmaya buraxır
ABŞ Quru Qoşunları ilk LRHW (Long-Range Hypersonic Weapon, həmçinin Dark Eagle kimi tanınır) hipersəs raket batareyasını silahlanmaya qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Breaking Defense” portalı Quru Qoşunlarının atəş vasitələrinin satın alınması proqramının rəhbəri, general Frenk Lozanoya istinadən məlumat yayıb.
“Batareya qoşunlara təhvil verilib və istifadəyə hazırdır”, - deyə o bildirib.
Generalın sözlərinə görə, batareya “dünyanın istənilən nöqtəsində yerləşdirilə və tətbiq oluna bilər”. Bununla belə, o, hipersəs raket batareyasının konkret olaraq harada və nə vaxt yerləşdirildiyini açıqlamayıb.
Qeyd edək ki, LRHW yerüstü raket kompleksidir. O, orta mənzilli daşıyıcı raketdən və onun üzərində quraşdırılmış vahid hipersəs sürüşən döyüş bloku CHGB-dən (Common Hypersonic Glide Body) ibarətdir.
Oktyabr ayında “Bloomberg” agentliyi ABŞ Quru Qoşunlarının LRHW hipersəs raketlərinin yerləşdirilməsi üzrə qrafikdən artıq üç il geri qaldığını bildirmişdi.
Aysel Mətləb