ABŞ-də kimyəvi partlayış: 6,4 kilometrlik ərazi mühasirəyə alındı

ABŞ-də kimyəvi partlayış: 6,4 kilometrlik ərazi mühasirəyə alındı
25.11.2026 20:57 Dünya

ABŞ hərbçiləri Ayova ştatındakı zavodda 4,5 ton qurğuşun azidinin nəzarətli şəkildə partladılması əməliyyatını həyata keçiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, partlayış ərazisində güclü səs eşidilib, əməliyyatın keçirildiyi yerin üzərində sürətlə dağılan iki ağ tüstü buludu yaranıb. Hərbçilər jurnalistləri və digər müşahidəçiləri partlayış yerinə 6,4 kilometrdən yaxın məsafəyə buraxmayıblar.

Qeyd olunur ki, hakimiyyət orqanlarının evdə qalmaq barədə xəbərdarlıqlarına baxmayaraq, bəzi yerli sakinlər partlayışı izləmək üçün küçələrə çıxıblar.

ABŞ ordusu hələ noyabrın 20-də Middltaun şəhərindəki zavodda zəhərli maddə olan qurğuşun azidi ilə dolu 68 çəlləyin idarə olunan partlayışlar vasitəsilə məhv edilməsini planlaşdırırdı. Lakin ekoloji fəalların kimyəvi maddələrin partladılması nəticəsində ətraf mühitə təhlükəli birləşmələrin yayılacağından ehtiyat edərək qaldırdıqları iddiadan sonra məhkəmə bu planın həyata keçirilməsinə müvəqqəti qadağa qoyub. Məhkəmənin qərarına baxmayaraq, noyabrın 22-də Ədliyyə Nazirliyi ordunun fövqəladə səlahiyyətlər əsasında utilizasiya işlərini həyata keçirmək hüququna malik olduğunu bəyan edib.

Qeyd edək ki, noyabrın 23-də ABŞ Prezidenti Donald Tramp ordunun planlarını dəstəkləyib, lakin hərbçilərə apellyasiya məhkəməsi ekoloji fəalların iddiası ilə bağlı qərar qəbul edənədək və noyabrın əvvəlində qubernator seçilmiş, lakin hələ vəzifəsinin icrasına başlamamış demokrat Rob Send qurğuşun azidinin utilizasiyasını dəstəkləyənədək əməliyyata başlamamağı tapşırıb.

Noyabrın 23-də apellyasiya məhkəməsi kimyəvi maddələrin partladılmasının planlaşdırılması zamanı bütün ekoloji tələblərə əməl edildiyi barədə qərar çıxarıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər