İsrail ABŞ-ni yeni müharibəyə çəkir? - İran "kimyəvi silah" planını ifşa etdi
İsrail İranı kimyəvi silah hazırlamaqda və onu əczaçılıq zavodlarında gizlətməkdə ittiham edərək ABŞ-ni İslam Respublikasına qarşı yeni müharibəyə cəlb etməyə çalışır.
TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin bəyanatında bildirilib.
“Bu müharibə qızışdırıcısı utanmadan İranı – Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısı, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) üzvü və Qərbi Almaniyanın Səddam Hüseyn rejiminə tədarük etdiyi kimyəvi silahların qurbanı olan dövləti – belə iyrənc silahı hazırlamaqda və əczaçılıq zavodlarında gizlətməkdə ittiham edir. Məqsəd ABŞ-ni aldadaraq onun əvəzinə yeni müharibəyə başlamağa sövq etmək və bununla da İran xəstələrini təhlükəyə atmaqdır”, – deyə bəyanatda qeyd olunub.
Əraqçinin sözlərinə görə, İsrail nüvə, kimyəvi və ya bioloji silahların qadağan edilməsi ilə bağlı heç bir konvensiyaya qoşulmayıb, yüzlərlə nüvə başlığına malikdir, regionun yeddi ölkəsinə hücum edib və onlardan üçünün ərazilərini işğal edib.
“Yalnız son bir il ərzində o, ABŞ-ni İrana qarşı iki uğursuz müharibəyə cəlb edib”, – deyə nazir vurğulayıb.
Xatırladaq ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats İranın kimyəvi silah hazırlamaq üzərində işlədiyini bəyan edib və buna imkan verməyəcəklərini vəd edib.
Aysel Mətləb