“Barselona” “Sabah”ı necə çətin vəziyyətə saldı? Dambrauskasdan AÇIQLAMA
“Sabah” futbol klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Barselona”ya məğlub olduqları qarşılaşmanı dəyərləndirib.
TodayPress TV xəbər verir ki, litvalı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının ilk hissədə rəqibin boş zonalardan istifadə etməsinə mane olmağa çalışdığını qeyd edib.
Dambrauskas qarşılaşmadan əvvəl futbolçularından bütün imkanlarını ortaya qoymalarını istədiyini və komandasının oyuna kifayət qədər yaxşı başladığını bildirib.
Baş məşqçi Kataloniya təmsilçisinin topu yüksək sürətlə hərəkət etdirməsinin futbolçularından böyük güc tələb etdiyini diqqətə çatdırıb.
“Mən meydanın kənarında, oyuna ən yaxın məsafədə dayanan şəxsəm. Onların topu necə ötürdüklərini, necə hərəkət etdiklərini və topun hansı sürətlə irəlilədiyini görürdüm. Futbolçularımın meydanda nələr yaşadığını, boşluqları bağlamaq və rəqib oyunçuları qarşılamaq üçün nə qədər güc sərf etdiklərini təsəvvür edə bilirdim”, - deyə Dambrauskas vurğulayıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.