74 ölkədən bilet aldılar: “Sabah”ın UEFA-nın diqqətini çəkən statistikası
UEFA “Sabah”ın “Barselona” ilə oyunu ərəfəsində Azərbaycan klubunun avrokuboklardakı diqqətçəkən statistikasını gündəmə gətirib.
TodayPress TV xəbər verir ki, UEFA-nın rəsmi saytında yayımlanan materialda Bakı təmsilçisinin turnirlər çərçivəsində keçirdiyi 13 ev matçının heç birinin heç-heçə ilə yekunlaşmadığı vurğulanıb.
Belə ki, “Sabah” bu qarşılaşmaların səkkizində qələbə qazanıb, beşində isə məğlub olub. Klubun ümumi avrokubok statistikasında da maraqlı göstərici qeydə alınıb. Komandanın keçirdiyi 26 oyunun heç birində hesab 0:0 olmayıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda “Sabah” noyabrın 25-də “Barselona”nı qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Digər diqqətçəkən məqam isə qarşılaşmaya beynəlxalq marağın yüksək olmasıdır. Bakı klubunun sosial şəbəkələrdəki rəsmi səhifəsində verilən məlumata görə, “Sabah” – “Barselona” matçını stadiondan izləmək üçün artıq 74 ölkədən azarkeşlər bilet əldə ediblər.