Atəşkəs yenidən POZULDU: İsrail Livanın şərqinə ardıcıl hava zərbələri endirdi
İsrail ordusu Livanın şərqinə hava zərbələri endirib.
TodayPress TV xəbər verir ki, bu barədə Livanın rəsmi NNA agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrailə məxsus döyüş təyyarələri ölkənin şərqindəki Baalbek şəhəri yaxınlığında, Şaara bölgəsinə 5 hava zərbəsi endirib.
İsrail ordusunun açıqlamasında isə Livanın Bəqa bölgəsində “Hizbullah”a məxsus olduğu iddia edilən obyektin hədəf alındığı bildirilib.
Açıqlamada raket istehsalı və silahların saxlanılması üçün istifadə edildiyi iddia olunan obyektin daha əvvəl də vurulduğu qeyd edilib. Bildirilib ki, obyektin yenidən istifadəsinin qarşısını almaq məqsədilə onun girişləri bombalanıb.
Qeyd edək ki, hücumlar qüvvədə olan atəşkəsə və çərçivə razılaşmasına baxmayaraq həyata keçirilib.
Aysel Mətləb