"İlandağı Everestdən daha çətin idi" - 5364 metr yüksəkliyi fəth edən Ədviyyə Rəsullu ilə MÜSAHİBƏ
Azərbaycan qadın alpinizmi tarixində yeni bir səhifə açılıb. Noyabrın 5-də alpinist Elmira Aslanovanın rəhbərliyi ilə Azərbaycandan olan ilk qadın alpinist qrupu — Nəzrin Əsədova, Ədviyyə Rəsullu, Alisa Tvaradze və Yuliya Şerstobitova 5 364 metr yüksəklikdə yerləşən Everest baza düşərgəsinə uğurla çataraq mühüm nailiyyətə imza atıb.
Ekstremal soyuq, fiziki yorğunluq və yüksəkliklə mübarizə apararaq bu hədəfə çatan komandanın üzvlərindən biri də Ədviyyə Rəsulludur.
TodayPress TV olaraq, onunla ekspedisiyaya qoşulmaq qərarından, səfər zamanı qarşılaşdığı çətinliklərdən, qorxularından, iradəsindən və bu təcrübənin həyatına qazandırdıqlarından danışdıq.
Həmin müsahibəni təqdim edirik:
— Everest baza düşərgəsinə getmək qərarınız necə yarandı? Bu ekspedisiyaya qoşulmağa sizi nə həvəsləndirdi?
— Desəm ki, belə bir arzum yox idi, bilmirəm, necə qarşılanar, amma həqiqətən də yox idi. Nəzrin Əsədova ilə əvvəllər dağ yürüşlərində iştirak etmişdik. O mənə dedi ki, xanımlardan ibarət bir qrup yığılır və Everest baza düşərgəsinə getməyi planlaşdırırıq. Mən də dərhal razılaşdım və mən də gəlirəm dedim. Heç bilmirdim ki, yolda məni nələr gözləyir, qarşılaşacağım çətinliklər nədən ibarət olacaq. Bu barədə əvvəlcədən heç bir məlumatım yox idi, maraqlanmamışdım da.
Amma təbii ki, Everestə getməyi həmişə istəmişəm. Dağlara marağım var, yürüşlərdə iştirak edirəm. Bununla belə, həmişə dağlardan bir qədər qorxmuşam.
Əslində, uşaqlıqdan ən böyük arzum Naxçıvandakı İlandağına çıxmaq idi. Çünki onu görə-görə böyümüşdüm. İlandağı Naxçıvanın məşhur simvollarından biridir. Mən səkkiz yaşıma qədər Naxçıvanda yaşamışam və həmin dağı çox sevirdim. İlandağı mənim çıxdığım üçüncü dağ oldu.
Məndən soruşsanız ki, hansı daha çətin idi: Everest baza düşərgəsinə gedən yol, yoxsa İlandağına qalxmaq? Təbii ki, İlandağı deyərdim. Nədənsə, o, mənim üçün çox çətin oldu. Böyük qayalardan ibarət idi. Ora qalxmaq sanki pilləkənləri dörd-dörd çıxmağa bənzəyirdi. Enmək isə pilləkənləri səkkiz-səkkiz düşmək kimi idi. Üstəlik, qayalar çox sürüşkən idi. Ayağımı qoyan kimi daşlar yerindən oynayırdı. Hündürlüyü o qədər də çox olmasa da, İlandağı məni həqiqətən çox yormuşdu.
— Ekspedisiyanın ilk mərhələsi necə keçdi? Yola çıxarkən sizi ən çox həyəcanlandıran nə idi?
— Ayın 29-da səhər saatlarında Luklaya uçduq. Şükür ki, hava şəraiti yaxşı idi və gözləməli olmadıq. Normalda hava şəraiti əlverişli olmayanda uçuşlar həyata keçirilmir. Ya helikopterlə getməli olursan, ya da hava şəraitinin düzəlməsini gözləyirsən. Amma bəxtimizdən hava yaxşı oldu və ayın 29-da uça bildik.
Həmin uçuş indiyə qədər yaşadığım ən həyəcanlı uçuş idi. Cəmi 40 dəqiqə çəkdi. Amma psixoloji baxımdan çox təsirli idi. Deyilənlərə görə, bura dünyanın ən təhlükəli hava limanlarından biridir. Təyyarə də çox balaca idi. Eniş zamanı məni birdən belə bir qorxu bürüdü ki, birdən təyyarə dayana bilməsə, birdən hansısa qəza baş versə? Məncə, indiyə qədər yaşadığım ən həyəcanlı anlardan biri məhz həmin təyyarə uçuşu idi.
— Bəs Everestə doğru yürüş zamanı hansı çətinliklərlə qarşılaşdınız? Heç geri qayıtmaq və səfəri yarımçıq dayandırmaq istədiyiniz an oldumu?
— Gecələr soyuq məni çox yordu. Çünki qaldığımız qonaq evləri dağlar arasında müəyyən məsafələrlə yerləşirdi. Bəziləri bir-birindən 9, 10, 11, hətta 12 kilometr məsafədə idi. Həmin qonaq evlərinə şerpalar (dağ bələdçiləri) su və qaz balonları daşıyırdılar. Himalay dağlarının içərisində təbii qaz xətti yoxdur. İsinmək üçün yalnız hamının bir yerə toplaşdığı ümumi zalda soba var idi. Orada qızına bilirdik. Amma axşam saat 8-də sobanı artıq söndürürdülər.
Günəş isə təxminən saat 4-də batırdı. Günəş olan zaman soyuğu o qədər hiss etmirdin, amma batandan sonra hava həddindən artıq soyuyurdu. Qaldığımız qonaq evlərindəki şərait, xüsusilə də soyuq məni çox yordu. Bir qədər də natəmizlikdən əziyyət çəkdim. Çünki təmizliyə çox diqqət edən insanam. Buna görə də həmin şərait mənim üçün çətin idi.
Amma ümumilikdə götürsək, yox, heç vaxt geri qayıtmaq istəmədim. Sadəcə, soyuq olanda isinmək istəyirdim. Hər səhər həmin soyuqda oyanmaq da çətin idi. Üstəlik, mən yüksəkliklə əlaqədar yata bilmirdim. Təzyiqə görə gecələr nəfəs darlığı yaşayırdım. Hər gecə cəmi bir saat yata bilirdim. Həmin bir saatlıq yuxu ilə bütün yolu getdim.
— İlk azərbaycanlı qadınlardan ibarət qrup olaraq Everest baza düşərgəsinə uğurla çatmısınız, komanda yoldaşlarınızla bir-birinizə necə dəstək olurdunuz?
— Bizim qrupda Alisa Tvaradze adlı bir həkim var idi. Mən ona "sehrbaz" deyirəm. O, insanlara elə motivasiya verirdi ki, sanki əli dəydiyi hər kəsi sağaldırdı. Onun bizimlə olması, məncə, böyük üstünlük idi. Əslində, qrup da onun təşəbbüsü ilə formalaşmışdı. Çünki Everest baza düşərgəsinə getmək Alisa xanımın çox böyük arzusu idi. Əvvəlcə Elmira xanımla bu barədə danışmışdılar. Alisa xanım ona istəyini bildirmişdi. Beləliklə, bu qrupun yaranmasının əsas səbəbkarı bizim həkimimiz Alisa xanım oldu.
Elmira xanım da bizə çox dəstək olurdu. Hər birimizlə ayrıca maraqlanır, səhhətimizi tez-tez soruşurdu. Hər gün, hər axşam qonaq evlərində oksigen səviyyəmiz və nəbzimiz yoxlanılırdı. Ancaq bir gün Nəzrin çox xəstələnmişdi və buna görə bir qədər narahat olduq. Ona bildirmişdilər ki, əgər sağalmasa, geri qaytarılacaq. Çünki bu vəziyyətdə yürüşə davam etməsi mümkün deyildi. Alisa xanım və Elmira xanım ona çox kömək etdilər, sağalmasına dəstək oldular.
Ümumiyyətlə, beş qadından ibarət bir qrup idik və maraqlısı budur ki, beşimizin də baza düşərgəsinə çatması mümkün oldu. Hamımız məqsədimizə nail olduq.
— Elə bir an oldumu ki, sağlamlığınızla bağlı problem yaranacağından və səfəri sona çatdıra bilməyəcəyinizdən qorxasınız?
— Xeyr. Sadəcə, gecələr yaşadığım nəfəs darlığı məni çox qorxudurdu. Elə anlar olurdu ki, sanki boğulurdum. Yuxudan ayılırdım və elə bilirdim ki, nəfəsim kəsilib, hətta ölmüşəm. Həqiqətən də nəfəs almaqda çətinlik çəkirdim. Qalxıb otururdum. Özümə deyirdim ki, həyəcanlanmaq lazım deyil. Çünki həyəcanlandıqca nəfəs almaq daha da çətinləşirdi. İlk vaxtlar panikaya düşürdüm, amma sonradan bu vəziyyəti idarə etməyi öyrəndim.
— Everest ekspedisiyası sizə mənəvi və psixoloji baxımdan nə qazandırdı? Bu təcrübə həyata və çətinliklərə münasibətinizi necə dəyişdi?
— Mən orada bir şeyi anladım ki, kimsə mənə nə qədər məsləhət versə də, necə hərəkət etməli olduğumu söyləsə də, hər kəsin tövsiyəsini özümə uyğunlaşdıra bilməzdim. Çünki mənim öz yürüş tempim və fiziki imkanlarım var idi. Hərçənd biz bir qrup şəklində hərəkət edirdik, amma əslində hər kəs bu yolu fərdi şəkildə, öz gücü və düşüncələri ilə keçir, öz bədəni ilə mübarizə aparırdı.
Mən yolun böyük hissəsini tək getdim. Çox vaxt öndə gedir, özümü daha çox meditativ vəziyyətə salmağa, özümlə baş-başa qalmağa çalışırdım. Hətta elə anlar olurdu ki, özümü tamamilə tək hiss edirdim. Nə bələdçinin, nə də qrupun yanımda olduğunu hiss edirdim.
Ümumiyyətlə, mən çox sürətli hərəkət edirdim. Mənə deyirdilər ki, belə olmaz, asta getmək və orqanizmin yüksəklik şəraitinə uyğunlaşmasına imkan vermək lazımdır. Amma özüm müşahidə etdim ki, asta gedəndə və tez-tez dincələndə daha çox yoruluram. Sürətli hərəkət edəndə isə sanki daha çox enerji toplayırdım.
Məsələn, 11 kilometrlik bir yolda üç dəfə dincəlmək mənə kifayət edirdi. Başqa biri beş dəfə dayanıb dincəlirdisə, mən üç dəfə ilə kifayətlənirdim. Hətta bəzən üç dəfə dincəlmək də mənə çox gəlirdi. Bu fərqi orada özüm də müşahidə etdim.
Düşünürəm ki, gələcəkdə həyatımda hansısa çətinliklərlə qarşılaşsam, artıq onların öhdəsindən daha asan gələ biləcəyəm. Hətta ailəmdə və ya münasibətlərimdə hər hansı problem yaransa belə, bunun öhdəsindən gəlmək mənim üçün daha asan olacaq. Çünki insan belə səfərlər zamanı böyük mənəvi və psixoloji güc qazanır. Everest mənə məhz bu mental gücü verdi.
— Baza düşərgəsindən geri dönüş necə keçdi? Eniş zamanı hansı çətinliklərlə qarşılaşdınız?
— Geri qayıdarkən başım çox ağrıdı. İki gün ərzində başım şiddətli şəkildə ağrıyırdı. Çünki gedərkən yolu daha uzun müddətə qət edirsən, geri dönərkən isə daha qısa müddətdə enirsən. Onu da qeyd edim ki, biz noyabrın 6-da enişə başladıq. Yolda noyabrın 8-də Zəfər Gününü, noyabrın 9-da isə Dövlət Bayrağı Gününü Azərbaycan bayrağımızı yüksəklərdə dalğalandıraraq, böyük vətənpərvərlik hissləri ilə qeyd etdik. Azərbaycan bayrağı ən yüksək zirvələrdə dalğalanmağa layiqdir.
— Ekspedisiya zamanı yaddaşınızda ən çox iz buraxan, hətta fiziki və mənəvi baxımdan sizi ən çox sınağa çəkən hadisə hansı oldu?
— Bizim yüksəklik şəraitinə, yəni oksigen səviyyəsinin azalmasına uyğunlaşmaq məqsədilə qalxdığımız bir dağ var idi. Həmin dağın hündürlüyü 5 050 metr idi. Dağın adı Naşarcun dağı idi. Növbəti gün isə artıq Everest baza düşərgəsinə yollanmalı idik.
Həmin dağa qalxmağa səhər saat 7-də başladıq. Günorta saat 2-nin yarısında zirvəyə çatdıq. Təəssüf ki, özümlə yemək götürməmişdim. Məndə insulin dirənci də var. Zirvədən enməyə başlayanda vəziyyətim daha da ağırlaşdı. Bilirdim ki, mütləq nəsə yeməliyəm. Sağ olsunlar, xanımlar, xüsusilə də Alisa xanım mənə yemək üçün nəsə verdilər. Amma gördüm ki, artıq ayaqlarımda taqət, bədənimdə heç güc qalmayıb. Ətrafda çox qar var idi. Dayanmadan qara batır, yıxılırdım.
Artıq panikaya düşməyə başlamışdım. Ancaq birdən-birə elə bir güc hiss etdim ki, özüm də nə baş verdiyini anlamadım. Bu, mənim üçün həqiqətən mistik, qeyri-adi, hətta bir qədər ezoterik bir an idi. Necə oldu ki, aşağı düşə bildim, bu güc haradan gəldi, heç özüm də bilmədim.
Aşağıya çatanda Elmira xanım məni qucaqladı və birlikdə ağladıq. Mən ona dedim ki, Elmira xanım, elə bil kimsə məni aparırdı, sanki özüm deyildim.
O isə mənə dedi ki, biz sənə çata bilmirdik. Hətta bələdçilərimizdən biri də arxamca gəlirdi. Birdən-birə sürətlə enməyə başladım və xanımlar arxada qaldılar. Halbuki bir qədər əvvəl heç aşağı düşə bilmirdim, hamıdan geri qalırdım.
Sonradan şüuraltımda bir fikir formalaşmışdı ki, mən mütləq aşağı düşməliyəm. Suya ehtiyacım var idi, amma suyum da artıq bitmişdi. Özümə bir litr su götürmüşdüm, o da qurtarmışdı. Başa düşürdüm ki, suya və yeməyə çata bilmək üçün mütləq aşağıda olmalıyam.
Saat 2-də panikaya düşmüşdüm. Təxminən bir saat ərzində özümü sakitləşdirməyə çalışdım, bir qədər meditasiya etdim. Sonra birdən-birə özümü daha güclü hiss etdim və cəmi bir saata aşağı enə bildim. Nəhayət, saat 4-də aşağıya çatdım.
Bu, mənim üçün həqiqətən çox gərgin və qeyri-adi bir təcrübə idi.
— Everestə qalxmaq sizin üçün son hədəfdir, yoxsa gələcəkdə başqa zirvələrə də qalxmağı planlaşdırırsınız?
— Əlbəttə, Everestin öz zirvəsinə qalxmaq istəyərəm. Çünki baza düşərgəsinə, 5 364 metr hündürlüyə gedib 8 848 metrlik Everest zirvəsini görmək insanda həmin zirvəyə qalxmaq arzusunu yaradır. Bu, artıq insanın qarşısına qoyduğu növbəti hədəfə çevrilir.
— Azərbaycanda bu cür ekspedisiyalarda iştirak etmək istəyən gənclərə, xüsusilə də qızlara hansı tövsiyələri verərdiniz?
— Əgər sağlamlıqları imkan verirsə, belə səfərlərə qatılmağı tövsiyə edərəm. Sadəcə, gecələr nəfəs darlığı yaşadıqları zaman panikaya düşməsinlər, bu vəziyyəti idarə etməyi öyrənsinlər.
Bu cür yürüşlərə qatılan gənclərə demək istəyərdim ki, heç kimlə yarışmağa, kiməsə çatmağa çalışmasınlar. Burada yarış yoxdur. Yarışmağa çalışsan, uduzacaqsan.
Dağ həmişə oradadır, olduğu yerdə dayanır, tərpənmir. Sən həmin dağa bir gün sonra da çata bilərsən, iki gün sonra da. Amma qətiyyən insanlarla da, dağla da yarışmaq olmaz. Əks halda, uduzan sən olacaqsan.
İnsan öz bədənini dinləməyi bacarmalıdır. Məsələn, yanındakı yoldaşın özünü başqa cür hiss edirsə, bu o demək deyil ki, sən də eyni vəziyyətdə olmalısan. Axı hər birimizin bədəni fərqlidir. Fizioloji baxımdan hər kəsin öz xüsusiyyətləri, hiss və duyğuları var.
Qeyd edək ki, Ədviyyə Rəsullu hazırda Nəsimi Rayon Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışır.
Türkan İsgəndərli