İşi son dəqiqəyə saxlayanların sirri açıldı - Beyin təzyiq altında necə işləyir?
Birmingem Universitetinin britaniyalı alimləri son tarix yaxınlaşdıqca insanın iş qabiliyyətini artırmasına kömək edən beyin mexanizmini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, Araşdırma nəticələri “Nature Communications” elmi jurnalında dərc olunub.
İnsan Beyninin Sağlamlığı Mərkəzinin tədqiqatçıları beynin çətin və enerji tələb edən işi necə qəbul etdiyini, vaxt azaldıqca həmin işə yanaşmanın necə dəyişdiyini araşdırıblar.
Alimlər beynin müxtəlif bölgələrinin qarşıda duran işin həcmini və son tarixə qədər qalan vaxtı necə hesabladığını, bu məlumatlar əsasında insanın daha çox səy göstərmək qərarını necə verdiyini modelləşdiriblər.
Modelə görə, beyin görülməli işin miqdarını və qalan vaxtı qiymətləndirərək müəyyən bir həddə çatır. Bu mərhələdə işi vaxtında başa çatdırmaq üçün daha çox səy göstərmək zərurəti yaranır və beyin həmin səyi daha dəyərli hesab etməyə başlayır.
Mexanizmi yoxlamaq üçün iştirakçılar yüksək dəqiqlikli funksional maqnit-rezonans tomoqrafiyasına (fMRT) cəlb olunub. Onlara fiziki səy göstərməklə nəticəyə yaxınlaşa biləcəkləri, lakin vaxt məhdudiyyəti olan tapşırıqlar verilib. Nəticədə beynin müxtəlif bölgələrinin qalan vaxtı, işin həcmini və yaranan təzyiqi ayrı-ayrılıqda emal etdiyi müəyyənləşdirilib.
Araşdırmada qərarvermə, motivasiya və səylə əlaqəli olan singulat korteksinin iki hissəsinin əsas rol oynadığı aşkarlanıb. Bu bölgələr son tarixdən yaranan təzyiq barədə siqnal ötürür, həmin məlumat isə bazal qanqliyalara çatır. Bazal qanqliyalar daha çox səy göstərib-göstərməmək barədə yekun qərarın qəbulunda iştirak edir.
Tədqiqatın müəlliflərindən, professor Metyu Apps bildirib ki, bazal qanqliyaların son tarix qarşısında daha çox səy göstərmək qərarının qəbul edilməsində mühüm rol oynaması yeni və əhəmiyyətli kəşfdir. Onun sözlərinə görə, bu beyin strukturu sanki redaktor masası kimi fəaliyyət göstərərək, məlumatların bədənə necə ötürüləcəyinə dair son qərarı verir.
Alimlər, həmçinin gündəlik yorğunluq səviyyəsinin insanın son tarixlərə reaksiyasına təsir etdiyini müəyyən ediblər. Yorğunluğu yüksək olan şəxslər tapşırıqları erkən mərhələdə yerinə yetirmək və daha çox səy göstərməkdə çətinlik çəkib, nəticədə vaxt məhdudiyyətlərinə əməl etmək imkanları da zəifləyib.
Araşdırma göstərib ki, son tarix təzyiqi hər kəsdə eyni nəticə yaratmır. Gündəlik yorğunluq insanın motivasiyasına və iş qabiliyyətinə təsir edə bilər. Bu isə ardıcıl son tarixlər və fasiləsiz iş rejiminin hər zaman yüksək məhsuldarlıqla nəticələnmədiyini göstərir.
Aysel Mətləb