Rusiya üçün oktyabrın acı hesabatı: 54 mindən çox itki...

Rusiya üçün oktyabrın acı hesabatı: 54 mindən çox itki...
01.11.2026 17:03 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabr ayında Rusiya ordusunun müharibə ərzində ən böyük canlı qüvvə itkisi ilə üzləşdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.

Zelenskinin sözlərinə görə, ötən ay Rusiya ordusu 54 400 hərbçisini öldürülmüş və ağır yaralanmış vəziyyətdə itirib. Bu, Rusiyanın genişmiqyaslı müharibəyə başladığı vaxtdan bəri qeydə alınan ən yüksək aylıq göstəricidir.

Ukrayna lideri oktyabrın 21-də Rusiya ordusunun bir gündə 2 250 hərbçi itirdiyini və bunun da rekord olduğunu bildirib.

Zelenski qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri oktyabr ərzində 96,2 kvadratkilometr ərazini azad edib. Onun iddiasına görə, bu müddətdə Rusiya ordusunun ələ keçirə bildiyi ərazilər azad edilən torpaqlardan 10,4 kvadratkilometr az olub.

Ukrayna Prezidenti Rusiyanın böyük itkilərin qarşısını almaq üçün atəşkəsə razılaşmalı və diplomatiya yolunu seçməli olduğunu vurğulayıb.

Qeyd edək ki, açıqlanan rəqəmlər Ukrayna Prezidentinin məlumatlarına əsaslanır.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər