Premyer Liqa: “Kəpəz” “İmişli”ni məğlub etdi
Azərbaycan Premyer Liqasının onuncu turunda “Kəpəz” futbol komandası doğma meydanda “İmişli”ni 1:0 hesabı ilə məğlub edib.
TodayPress TV xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən qarşılaşmanın taleyini Namiq Ələsgərovun vurduğu yeganə qol həll edib.
Görüşün ilk hissəsində hesab açılmayıb. 34-cü dəqiqədə “İmişli”nin kapitanı Azər Salahlı topu rəqib qapısından keçirsə də, qayda pozuntusu səbəbindən qol qeydə alınmayıb.
İkinci hissədə komandalar hesabı açmağa çalışıblar. Matçın 77-ci dəqiqəsində meydana sonradan daxil olan Namiq Ələsgərov möhtəşəm zərbə ilə fərqlənərək “Kəpəz”i önə çıxarıb.
Qalan dəqiqələrdə hesab dəyişməyib və Gəncə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Bu nəticə ilə “Kəpəz” xal ehtiyatını 17-yə çatdırıb və beşinci pilləyə yüksəlib. Səkkizinci yerdə olan “İmişli”nin isə 10 xalı var.
Qeyd edək ki, “Kəpəz” bununla da ölkə çempionatında “İmişli” üzərində ilk qələbəsini qazanıb. Gəncə təmsilçisi əvvəlki üç qarşılaşmada rəqibinə iki dəfə məğlub olub, bir görüşdə isə heç-heçə edib. Komanda həmçinin “İmişli”nin qapısına ilk qolunu vurub.