Ulduz yarımmüdafiəçi meydanlarla vidalaşdı
İdman
23.12.2025 13:44
İspaniya–Braziliya əsilli futbolçu Rafinya Alkantara peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, hazırda Qətərin “Əl-Ərəbi” klubunun üzvü olan 32 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkələrdə yayımladığı müraciətdə məlumat verib.
Alkantara karyerasını bitirməsinin əsas səbəbi kimi dizindən aldığı ciddi zədəni göstərib:
“Bir müddət meydanlardan kənarda qaldıqdan və uzun bərpa prosesindən sonra vacib bir qərar verdim – karyeramı bitirirəm. Bir il əvvəl aldığım diz zədəsi yenidən ən yüksək səviyyədə oynamağıma imkan vermir. Futbol uşaqlıqdan həyatımın bir hissəsi olub, lakin artıq özümü əvvəlki kimi ona həsr edə bilmədiyimi anlayıram”.
Qeyd edək ki, Rafinya Alkantara “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun heyətində 3 dəfə İspaniya çempionu, 2014/15 mövsümündə isə UEFA Çempionlar Liqasının qalibi olub.
Yarımmüdafiəçi karyerası ərzində “Selta”, PSJ, “İnter”, “Real Sosyedad” və “Əl-Ərəbi” klublarında çıxış edib. Alkantara həmçinin 2016-cı ildə Braziliya millisinin heyətində Olimpiya çempionu olub.
Namiq HUN
tag: İspaniya–Braziliya,Rafinya Alkantara,Futbolçu ,Meydan ,Todaypress.tv,
