Ceyhun Bayramov Cayşankarla Ermənistanı müzakirə etdi
Azərbaycan və Hindistan xarici işlər nazirləri regional vəziyyəti və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Ceyhun Bayramov qeyd edib ki, görüşdə Vaşinqton sammitindən sonra əldə olunan irəliləyişlər və müsbət məqamlar ətrafında fikir mübadiləsi aparılıb.
Nazirin sözlərinə görə, Azərbaycan tərəfindən atılan birtərəfli addımlar da müzakirə olunub. Bunlara Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması, bir sıra Azərbaycan mallarının, xüsusilə neft məhsullarının Ermənistana tədarükünə başlanması daxildir.
Bundan əlavə, dövlət qurumlarının nümayəndələri arasında qarşılıqlı səfərlər və vətəndaş cəmiyyəti təmasları da müzakirə olunan məsələlər sırasında yer alıb.
Bayramov bu addımların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması kontekstində əhəmiyyətini vurğulayıb.