Türkiyənin Liviya qələbəsi regionu silkələdi

Türkiyənin Liviya qələbəsi regionu silkələdi
23.10.2026 15:40 Dünya

Liviyanın şərqində fəaliyyət göstərən Nümayəndələr Palatası Türkiyə ilə 2019-cu ildə imzalanmış Aralıq dənizində dəniz yurisdiksiyası sahələrinin delimitasiyasına dair sazişi yekdilliklə ratifikasiya edib. Bu qərar Ankaranın Şərqi Aralıq dənizindəki mövqelərini gücləndirməklə yanaşı, Yunanıstan, Kipr və Misirlə münasibətlərdə yeni gərginlik yaradıb. 

TodayPress TV xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, oktyabrın 20-də qəbul edilən qərarla Liviya parlamenti 2020-ci ildə Türkiyə ilə sazişlərin ratifikasiyasını rədd edən və Ankara ilə siyasi əlaqələrin kəsilməsini nəzərdə tutan əvvəlki qərarlarını da ləğv edib.

Beləliklə, Türkiyə ilə Liviyanın şərqindəki siyasi qüvvələr arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım atılıb.

Bəzi ekspertlər qeyd edir ki, Hörmüz boğazı, Bab əl-Məndəb və Şərqi Aralıq dənizi enerji daşımaları, ticarət yolları və hərbi qüvvələrin hərəkəti baxımından getdikcə daha böyük strateji əhəmiyyət qazanır. Bu marşrutlar ətrafında artan rəqabət regionda dəniz təhlükəsizliyini əsas məsələlərdən birinə çevirir.

Həmçinin  qeyd edirlər ki, Türkiyə-Liviya sazişi Ankara ilə Tripoli arasında Aralıq dənizində dəniz yurisdiksiyası üzrə qarşılıqlı iddiaları müəyyənləşdirir. Saziş Türkiyənin Yunanıstan və Kiprin mövqeləri ilə toqquşan dəniz sərhədləri iddialarını gücləndirir, enerji yataqlarının işlənməsi, boru kəmərləri və sualtı infrastruktur layihələri ətrafında mübahisələrə təsir göstərir. 

Ekspertlər  İsrail, Yunanıstan və Kiprin Şərqi Aralıq dənizinə yalnız enerji əməkdaşlığı prizmasından deyil, həm də ortaq dəniz təhlükəsizliyi məkanı kimi yanaşmasının vacibliyi vurğulayırlar. Türkiyənin regionun güclü hərbi-dəniz və hava qüvvələrindən birinə malik olması, eləcə də Liviyada təsir imkanlarını genişləndirməsi bu məsələnin strateji əhəmiyyətini artırır.

Əsas sual isə təkcə dənizdəki qaz ehtiyatlarına kimin sahib olması deyil, regional güc balansı dəyişəcəyi təqdirdə Şərqi Aralıq dənizində sərbəst gəmiçilik və hərəkət azadlığının necə qorunacağı ilə bağlı qoyulur. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər