Daşkəsəndə kəndin köçürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi
Daşkəsən rayonunun Mollahəsənli kəndinin köçürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Daşkəsən Dəmir Filiz” MMC-dən məlumat verilib.
Bildirilib ki, hazırda kəndin köçürülməsi istiqamətində hər hansı aktiv icra prosesi həyata keçirilmir.
Şirkətin açıqlamasına görə, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir ildən artıqdır texniki-iqtisadi əsaslandırma işləri aparılır. Bu çərçivədə layihə infrastrukturunun mümkün yerləşmə əraziləri texniki, iqtisadi və ekoloji baxımdan araşdırılır.
Bildirilib ki, araşdırmalar zamanı əmlak, yaşayış evləri və əhalinin sayı ilə bağlı ilkin məlumatların toplanması və təhlili də nəzərdə tutulur. Bu məqsədlə növbəti həftə mütəxəssislərin müvafiq icra hakimiyyəti nümayəndəsinin iştirakı ilə əraziyə səfəri planlaşdırılır.
Şirkət vurğulayıb ki, Mollahəsənli kəndində aparılması nəzərdə tutulan qiymətləndirmə ilkin tədqiqatların tərkib hissəsidir və kəndin köçürülməsi ilə bağlı qərarın qəbul edildiyi və ya prosesə başlanıldığı anlamına gəlmir.
Qeyd olunub ki, infrastruktur obyektlərinin yekun yerləşmə yerləri tədqiqatların nəticələrinə əsasən müəyyənləşdiriləcək və müvafiq dövlət qurumları ilə birgə nəzərdən keçiriləcək. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.