Əbu-Dabi pulları və APL qalmaqalı: "Mançester Siti" haqlı olduğunu sübut edə bilər!
"Mançester Siti" İngiltərə Premyer Liqasının (APL) maliyyə qaydalarını pozduğuna görə verilməsi gözlənilən ağır cəzalardan yayınmaq ümidini qoruyur.
TodayPress TV xəbər verir ki, bu barədə "FourFourTwo" nəşri məlumat yayıb.
Bildirilib ki, "Siti" bütün ittihamları təkzib etməyə məcbur deyil, sadəcə maliyyələşmə sxeminin qaydalara zidd olmadığını sübut etmək kifayətdir.
Qeyd edək ki, bir müddət əvvəl klub Premyer Liqanın maliyyə pozuntuları ilə bağlı verdiyi qərardan apellyasiya şikayəti verib.
"Siti"nin təqdim etdiyi “təkzibedilməz sübutlar” maliyyə vəsaitlərinin klubdan sponsorlara, oradan da yenidən büdcəyə qayıtmadığını göstərməyə yönəlib. Pul birbaşa Əbu-Dabi hökumətindən sponsorlara keçib və onlar da öz növbəsində "Mançester Siti"yə ödəniş ediblər. Bu isə qaydalara zidd deyil".
Klub rəhbərliyi çıxarılan ilk verdiktdən şoka düşüb. “Şəhərlilər” apellyasiya müraciətinə baxacaq üç nəfərdən ibarət yeni komissiyanın vəziyyətə fərqli yanaşacağına ümid edirlər. "Siti" tərəfi şahid ifadələrinin üzərindən iki il keçdiyini və onların etibarlılığının sual altında olduğunu əsas gətirərək ilk verdiktin "etibarsız" olduğunu vurğulayır.
Ötən ay müstəqil komissiya "Mançester Siti"ni ardıcıl doqquz mövsüm ərzində maliyyə qaydalarını pozmaqda günahkar bilib.
Namiq HUN