“WhatsApp” pullu olacaq? – Oktyabrın 1-dən...
“WhatsApp” Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan sistem müəyyən kateqoriyadan olan şirkətlər üçün əlavə ödənişlərin tətbiqini nəzərdə tutur.
TodayPress TV xəbər verir ki, yeni qaydalara əsasən, avtomatlaşdırılmış mesajlaşma və “WhatsApp Business Platform”dan istifadə edən şirkətlər müəyyən edilmiş pulsuz limitdən artıq mesaj göndərdikdə ödəniş etməli olacaqlar.
Dəyişiklik milyonlarla fərdi “WhatsApp” istifadəçisinə, eləcə də tətbiqdən telefon vasitəsilə əl ilə istifadə edən kiçik bizneslərə şamil edilməyəcək. Müştərilərlə birbaşa yazışan kiçik sahibkarlar əvvəlki qaydada əlavə mesaj haqqı ödəmədən platformadan yararlana biləcəklər.
Yeni qiymət siyasəti əsasən avtomatlaşdırılmış mesajlaşma, kütləvi bildirişlər, çatbotlar və CRM sistemləri vasitəsilə “WhatsApp Business Platform”dan istifadə edən orta və iri şirkətləri əhatə edəcək.
Məlumata görə, hər biznes nömrəsi üçün ayda 1 000 pulsuz mesaj limiti müəyyənləşdiriləcək. Bu hədd keçildikdən sonra göndərilən hər əlavə mesaj üçün ödəniş tutulacaq.
Qazaxıstanda bir mesajın qiymətinin təxminən 0,018 ABŞ dolları – 8 tenge olacağı bildirilir.
Məsələn, bir şirkət ay ərzində 10 min mesaj göndərərsə, ilk 1000 mesaj pulsuz olacaq. Qalan 9 min mesaj üçün isə ödəniş hesablanacaq. Bu halda şirkətin aylıq xərci təxminən 162 dollar və ya 72 min tenge təşkil edə bilər.
Qeyd olunur ki, “Meta” “WhatsApp Business Platform”dan istifadə edən şirkətlər üçün mesaj və söhbət əsaslı ödəniş mexanizmlərini müxtəlif ölkələrdə artıq tətbiq edir.
Oxşar sistem Türkiyədə də mövcuddur. “WhatsApp Business Platform”u API vasitəsilə öz sistemlərinə inteqrasiya edən orta və iri şirkətlər marketinq, təsdiqləmə və müştəri xidmətləri məqsədilə göndərdikləri mesajlara görə onların kateqoriyasından asılı olaraq ödəniş edirlər.
Adi “WhatsApp” və standart “WhatsApp Business” tətbiqindən telefon vasitəsilə istifadə edən şəxslər və kiçik sahibkarlar üçün isə bu ödəniş modeli tətbiq olunmur.
Qeyd edək ki, Qazaxıstanda nəzərdə tutulan dəyişiklik əsasən “WhatsApp”ın avtomatlaşdırılmış və API əsaslı biznes xidmətlərindən geniş istifadə edən şirkətlərə təsir göstərəcək.