Tramp Çinə qarşı yeni koalisiya yaradır

Dünya

12.12.2025 12:22

ABŞ Prezidenti Donald Trampın administrasiyası Çinin nadir torpaq elementləri bazarındakı təsirini azaltmaqla yanaşı, süni intellekt və digər texnologiyalardakı üstünlüklərini məhdudlaşdırmaq məqsədi daşıyan yeni bir koalisiya yaradır.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ dekabrın 12-də “Pax Silica” adlı deklarasiyanı imzalamağı planlaşdırır. Bu deklarasiya Sinqapur, Avstraliya, Yaponiya, Cənubi Koreya və İsraili birləşdirərək əsas mineral resurslara çıxış çatışmazlığının aradan qaldırılması istiqamətində birgə işləməyi nəzərdə tutur. Tramp komandasının daha sonra bu təşəbbüsə daha çox ölkəni qoşmaq niyyətində olduğu bildirilir.

“Bu, iqtisadi təhlükəsizlik sahəsində koalisiya xarakterli sənaye siyasətidir və irəliləyiş sayılır, çünki hazırda süni intellekt iqtisadiyyatını və bu sahədə Çinlə rəqabətimizi birlikdə müzakirə edə biləcəyimiz heç bir platforma mövcud deyil”, - deyə ABŞ-nin iqtisadi inkişaf, enerji və ətraf mühit məsələləri üzrə dövlət katibinin müavini Cekob Helberq bildirib.

Onun sözlərinə görə, koalisiya, həmçinin Çinin “Bir kəmər-bir yol” təşəbbüsünü faktiki olaraq bloklamağa yönəlib və bununla da Çinin limanları, əsas avtomagistralları, nəqliyyat və logistika dəhlizlərini satın almaq imkanını əlindən almağı hədəfləyir.

Bildirilib ki, deklarasiyanın imzalanması "Pax Silica" adlı birgünlük sammitə start verəcək. Sammitdə Avropa İttifaqı (Aİ), Kanada, Niderland və BƏƏ nümayəndələrinin də iştirak edəcəyi bildirilir. Görüş zamanı mineral ehtiyatların hasilatı, emalı və logistika sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı planlaşdırılır.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,Çin,Koalisiya,ABŞ,Todaypress.tv,