Tailandda nəhəng yeni dinozavr növü aşkarlandı

Dünya

14.05.2026 19:00

Beynəlxalq alimlər qrupu Cənub-Şərqi Asiyada indiyədək tapılmış ən böyük dinozavrlardan biri hesab edilən yeni nəhəng otyeyən növü təsvir edib.

TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.

Dinozavrın qalıqları təxminən 10 il əvvəl Tailandın şimal-şərqində, Çayyaphum əyalətində, göl sahilində aşkar edilib. Paleontoloqlar fəqərələri, qabırğaları, çanaq və ətraf sümüklərini, eləcə də uzunluğu 1,78 metr olan bazu sümüyünü araşdırıblar. Bu ölçü təxminən orta statistik insan boyuna bərabərdir.

Yeni növ “Nagatitan chaiyaphumensis” adlandırılıb. “Naqa” sözü Cənub-Şərqi Asiya folklorundakı mifoloji su ilanlarına, “titan” isə qədim yunan mifologiyasındakı nəhənglərə istinad edir.

Tədqiqatçıların hesablamalarına görə, dinozavrın uzunluğu 27 metrə, çəkisi isə 27 tona çatıb. Bu, təxminən doqquz yetkin Asiya filinin çəkisinə bərabərdir. Onun 100-120 milyon il əvvəl, erkən Təbaşir dövründə yaşadığı bildirilir.

Araşdırmanın aparıcı müəllifi Titivut Setapaniçsakul qeyd edib ki, yeni növ uzunboyunlu zauropodlar qrupuna daxildir. Bu qrupa diplodok və brontozavr kimi nəhəng otyeyənlər də aiddir. Alimlərin fikrincə, “Nagatitan chaiyaphumensis” yalnız Asiyada yayılmış Euhelopodidae ailəsinin nümayəndəsi olub. Tədqiqatçılar hesab edirlər ki, bu tapıntı regionun son böyük zauropodu ola bilər.

Qeyd olunur ki, həmin dövrdə indiki Tailand ərazisi quraq və ya yarımsəhra düzənliklərindən ibarət olub. Burada kiçik otyeyən dinozavrlar, yırtıcı karxarodontozavrlar, spinozavrlar və uçan pterozavrlar da yaşayırdı.

Alimlər vurğulayıblar ki, Cənub-Şərqi Asiya dinozavr paleontologiyası baxımından hələ də ən az öyrənilmiş bölgələrdən biridir. Layihə rəhbəri Sit Manitkunun sözlərinə görə, Tailand artıq Asiyada ən zəngin dinozavr tapıntıları olan ölkələrdən birinə çevrilib.

Hazırda “Nagatitan chaiyaphumensis”in tam ölçülü rekonstruksiyası Banqkokdakı muzeydə nümayiş etdirilir.

Qiymət Mahir

tag: Cənub,Tailand, Çayyaphum,Naqa,TodayPress TV,