“Sözcü TV”nin binasında axtarış aparılır, saxlanılanlar var

“Sözcü TV”nin binasında axtarış aparılır, saxlanılanlar var
17.11.2026 09:35 Dünya

Türkiyədə “Sözcü TV” telekanalının binasında polis əməliyyatı keçirilib, kanalın və xəbər saytının idarəçiliyinə qəyyum təyin olunub.

TodayPress TV NTV telekanalına istinadən məlumat verir ki, səhər saatlarında polis əməkdaşları “Sözcü TV”nin binasında axtarışlara başlayıblar. Bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Əməliyyat çərçivəsində şirkətin İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktoru Asım Akgül saxlanılıblar.

“Sözcü” Media Qrupunun vəkili Ersan Barkın bildirib ki, telekanala və “sozcu.com.tr” xəbər saytına Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən qəyyum təyin edilib.

Vəkilin sözlərinə görə, qərar əvvəllər məhkəmə baxışından keçmiş cinayət işi ilə əlaqədardır.

Barkın iddia edib ki, axtarışlar Ali Kassasiya Məhkəməsinin (Yargıtay) daha əvvəl qanun pozuntusu müəyyən etmədiyi iş əsasında İstanbul Baş Prokurorluğunun təşəbbüsü ilə həyata keçirilir.

O vurğulayıb ki, qəyyum təyin edilməsi barədə qərar hazırda yalnız “Sözcü TV” telekanalını və “sozcu.com.tr” saytını əhatə edir.

TodayPress TV


XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər