"Reddit" Avstraliyanı məhkəməyə verəcək
Dünya
12.12.2025 18:30
"Reddit" Avstraliya hökumətinin 10 dekabrdan qüvvəyə minən 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanununa etiraz edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Sky News Australia" məlumat yayıb.
Məlumata görə, şirkət məhkəməyə müraciət edərək bildirir ki, bu qanun təkcə yeniyetmələri deyil, bütün istifadəçiləri təhlükəli doğrulama prosedurlarından keçməyə məcbur edir və ifadə azadlığını məhdudlaşdırır.
"Reddit"in fikrincə, qadağa uşaqların və yeniyetmələrin fikirlərini birbaşa ifadə etməsinə mane olur, onları ictimai və siyasi müzakirələrdən kənarlaşdırır. Şirkət həmçinin vurğulayır ki, "Reddit" ənənəvi sosial şəbəkə deyil, buna görə gənclər üçün qadağan olunmuş platformalar siyahısına düşməsi düzgün deyil. Platforma gənclərin onlayn təhlükəsizliyinin tərəfdarı olduğunu desə də, daha məqsədyönlü və məxfilik dostu tədbirlərin görülməsini təklif edir.
Qanuna əsasən, 16 yaşdan kiçik istifadəçilərin hesabları Avstraliyada fəaliyyət göstərən bütün sosial şəbəkələr tərəfindən deaktiv edilməlidir. Qadağa "Facebook", "Instagram", "Kick", "Reddit", "Snapchat", "Threads", "TikTok", "Twitch", "X" və "YouTube" kimi platformalara şamil edilir. Hakimiyyət siyahının gələcəkdə genişlənə biləcəyini də istisna etmir.
Türkan İsgəndərli
tag: Avstraliya,Telefon,Uşaq,Qadağan,Todaypress.tv,
