Qara dəliklərlə bağlı yeni ARAŞDIRMA
Dünya
16.04.2026 19:00
Fiziklər qaranlıq maddənin mənşəyi ilə bağlı yeni nəzəriyyə irəli sürüblər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Conversation” nəşri məlumat yayıb.
Fərziyyəyə əsasən, qaranlıq maddə naməlum hissəciklərdən deyil, Böyük Partlayışdan əvvəl yaranmış qədim qara dəliklərdən ibarət ola bilər.
Qaranlıq maddə hazırda elmin ən böyük sirrlərindən sayılır. O, işıqla qarşılıqlı təsir göstərməsə də, cazibə qüvvəsi vasitəsilə qalaktikaların bir yerdə qalmasını təmin edir. Lakin uzun illər aparılan araşdırmalara baxmayaraq, onun tərkibi hələ də müəyyən edilməyib.
Yeni modelə görə, Kainat tək bir başlanğıcdan deyil, əvvəlcə sıxılma mərhələsindən keçərək “kosmoloji sıçrayış” adlanan proseslə genişlənməyə başlayıb. Bu ssenaridə bəzi böyük strukturlar bu keçid zamanı məhv olmayıb və qara dəliklər kimi mövcudluğunu davam etdirə bilər.
Alimlərin fikrincə, bu qara dəliklər görünməz olsa da, kütləyə malik olduqları üçün qaranlıq maddənin xüsusiyyətlərini izah edə bilər.
Fərziyyə həmçinin Ceyms Veb Kosmik Teleskopunun erkən kainatda aşkar etdiyi “kiçik qırmızı nöqtələr” kimi qeyri-adi obyektləri də izah etməyə çalışır.
Lakin bu ideya hələlik nəzəri xarakter daşıyır və cazibə dalğaları və digər kosmik müşahidələrlə təsdiqlənməlidir.
Türkan İsgəndərli
tag: Qara dəlik,Maddə,Elm,Cazibə qüvvəsi,Todaypress.tv,
