Almaniyadan Avropanı DAĞIDACAQ PLAN: Aİ-nin sonu gəlir?
Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası Avropa İttifaqının (Aİ) mövcud strukturunun köklü şəkildə dəyişdirilməsini tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.
Bildirilib ki, partiya Avropa İttifaqının milli hökumətlərin və parlamentlərin səlahiyyətlərinin genişləndirildiyi suveren dövlətlər birliyinə çevrilməsini istəyir.
AfD-nin proqram sənədinə əsasən, təşkilatda genişmiqyaslı islahatların həyata keçirilməsi mümkün olmayacağı təqdirdə, Almaniyanın Aİ-dən çıxması ilə bağlı referendum keçirilməsi təklif olunur. Bu addım Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ilə nəticələnən “Brexit” prosesinə bənzər ssenarinin təkrarlanmasına səbəb ola bilər.
Partiya Avropa Komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılmasını, Avropa Ədalət Məhkəməsinin arbitraj mexanizmi ilə əvəz edilməsini və Almaniyanın Aİ büdcəsinə ödədiyi vəsaitin azaldılmasını tələb edir.
Bundan başqa, AfD Avropa İttifaqının xalis sıfır emissiya hədəfindən imtina edilməsini, eləcə də 2035-ci ildən etibarən daxiliyanma mühərrikli yeni avtomobillərin satışına qoyulması nəzərdə tutulan qadağanın ləğvini təklif edir.
Partiyanın digər təklifinə əsasən, Avropa Parlamentinə seçkilərin keçirilməsi qaydası da dəyişdirilməlidir. Belə ki, deputatların birbaşa seçkilərlə deyil, milli parlamentlər tərəfindən təyin olunması nəzərdə tutulur.
Eyni zamanda, Aİ-yə üzv dövlətlərə ümumavropa qərarlarını bloklamaq üçün daha geniş imkanların verilməsi təklif edilir.
AfD lideri Alis Vaydel bildirib ki, milli hökumətlər qərarların qəbul edilməsi üzərində nəzarəti yenidən öz əllərinə almalıdırlar.
Bununla belə, partiya Avropa ölkələrinin müdafiə, sərhəd təhlükəsizliyi, texnologiya və vahid bazar sahələrində əməkdaşlığını dəstəkləyir. Lakin AfD milli qanunvericiliyin Avropa İttifaqı səviyyəsində qəbul edilən qərarlardan üstün tutulmasında israr edir.
Kübra Musayeva