Britaniyada müharibə qorxusu: Əhali kütləvi şəkildə hazırlığa başladı
Böyük Britaniyada fövqəladə hallara hazırlıq çağırışlarından sonra əhali kütləvi şəkildə radioqəbuledicilər və fənərlər almağa başlayıb.
TodayPress TV Britaniyanın “The Daily Telegraph” nəşrinə istinadən xəbər verir ki, hökumətin mümkün fövqəladə vəziyyətlərə hazır olmaq barədə xəbərdarlıqları fonunda bu məhsullara tələbat kəskin artıb.
Məlumata görə, əl ilə enerji yığan radioqəbuledicilərin satışı beş dəfə, fənərlərin satışı isə 284 faiz artıb. Bəzi modellərin ehtiyatları tamamilə tükənib.
Bundan əvvəl Britaniya hökuməti vətəndaşlara fövqəladə hallar zamanı ən azı üç gün kifayət edəcək ərzaq və içməli su ehtiyatı saxlamağı tövsiyə edib.
Həmçinin ölkənin müdafiə naziri Böyük Britaniyanın qarşıdakı 1000 gün ərzində mümkün müharibəyə hazır olmasının vacibliyini vurğulayıb.
Rəsmilərin xəbərdarlıqları ölkədə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Kübra Musayeva