Yaxın Şərqdə yeni müharibənin ayaq səsləri – İran hərəkətə keçdi
İran Livandakı “Hizbullah” təşkilatının hərbi potensialını bərpa etmək və İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşmaq üçün on milyonlarla dollar vəsait ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, son üç ay ərzində “Hizbullah” silah ehtiyatlarını artırıb, partlayıcı maddələr əldə edib və İsrail mövqelərinə hücumlar üçün nəzərdə tutulan zərbə pilotsuz uçuş aparatlarının istehsalına başlayıb.
Təşkilat əvvəlki döyüşlər zamanı zədələnmiş komanda və idarəetmə sistemlərini də bərpa etməyə çalışır.
Xüsusilə Bint-Cübeyl şəhəri ətrafında və strateji əhəmiyyət daşıyan Əli ət-Tahir yüksəkliklərində bu istiqamətdə işlər aparılır. Sözügedən ərazilərdə İsrailin pilotsuz uçuş aparatları və uzaqdan idarə olunan sistemləri “Hizbullah”a ciddi itkilər verib.
Bununla belə, təhlükəsizlik sahəsindəki mənbələr bildiriblər ki, təşkilat hələlik silah arsenalını və döyüş qabiliyyətini tam bərpa edə bilməyib.
Kübra Musayeva