Qandakı şəkər və qidalanma yuxuya təsir edir
Dünya
13.12.2025 13:45
Yuxunun keyfiyyəti yalnız həyat tərzi və gündəlik rejimdən deyil, həm də qanda şəkərin səviyyəsindən və qida rasionunun tərkibindən birbaşa asılıdır.
TodayPress TV xəbər verir ki, bu fikir “Frontiers in Nutrition” jurnalında dərc olunan araşdırmada yer alıb.
Tədqiqatda metabolik sağlamlığın yuxu pozuntularında mühüm rol oynadığı vurğulanıb.
Araşdırmaya görə, şəkərli diabeti olan insanlarda yuxuya getməkdə çətinlik, yuxu müddətinin pozulması və yuxu xəstəlikləri qanda qlükoza səviyyəsi normal olan şəxslərlə müqayisədə daha çox müşahidə olunur. Prediabeti olan insanlarda da oxşar problemlər qeydə alınsa da, onların səviyyəsi nisbətən zəif olub.
Eyni zamanda məlum olub ki, diabet xəstələrində qidalanmanın və qanda şəkərin ciddi nəzarətdə saxlanması bəzi hallarda yuxunun pisləşməsinə səbəb olur. Bu fakt yuxunun keyfiyyətinə təkcə qlükoza göstəricilərinin deyil, rasionda üstünlük təşkil edən məhsulların da təsir etdiyini göstərir.
Tədqiqatçılar bildiriblər ki, xüsusilə zülalı az, yağı isə çox olan rasionlar yuxunun keyfiyyətinə ən mənfi təsiri göstərir. Bu cür qidalanma həm diabeti olan, həm də olmayan insanlarda zəif yuxu ilə əlaqələndirilib. Bununla yanaşı, azkarbohidratlı və yağlarla zəngin rasionlar çox qısa yuxu riskinin azalması ilə əlaqəli olub.
Müəlliflər vurğulayıblar ki, yuxu problemlərinin aradan qaldırılması üçün tövsiyələr hazırlanarkən yalnız rejim və müalicə deyil, həm də qidalanma strukturu və karbohidrat mübadiləsinin vəziyyəti nəzərə alınmalıdır.
Qiymət Mahir
tag: Qan,Şəkər,Qidalanma,Yuxu,Todaypress.tv,
