Podolyak: "Rusiya Ukraynanın bərpasında iştirak etməlidir"
Dünya
12.12.2025 17:30
Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, sülh sazişi çərçivəsində Rusiya Ukraynanın bərpasında iştirak etməli və maliyyə töhfəsi verməlidir.
TodayPress TV xəbər verir ki, bu barədə Podolyak Fransanın "Le Monde" qəzetinə verdiyi müsahibədə danışıb.
O vurğulayıb ki, Rusiyanın Ukraynanın bərpasına maliyyə baxımından cəlb olunması müharibənin dayandırılmasının məcburi elementidir. Podolyakın sözlərinə görə, əks halda gələcəkdə müharibənin yenidən başlanmasının qarşısını ala biləcək çəkindirici mexanizm mövcud olmayacaq.
Müsahibə zamanı Podolyak Ukraynanın Donbas ərazisində bufer zonanın yaradılmasına razı olduğunu da açıqlayıb. Onun sözlərinə görə, demilitarizasiya olunmuş zona Donbasda mövcud cəbhə xəttinin hər iki tərəfində yerləşən Ukrayna və Rusiya qoşunlarının geri çəkilməsini nəzərdə tutur.
Podolyak qeyd edib ki, strateji əhəmiyyətə malik bu region beynəlxalq qüvvələrin, o cümlədən ABŞ-nin nəzarəti altına keçə bilər.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə ABŞ arasında ölkənin bərpası ilə bağlı sazişin imzalanacağını bəyan edib.
Qiymət Mahir
tag: Ukrayna ,Mixail Podolyak ,Rusiya,Donbas,Todaypress.tv,
