Minlərlə insan sərhədi keçməyi gözləyir - Rusiya ilə gərgin anlar
Estoniyanın dekabrın 1-dən Rusiya ilə bütün quru sərhəd-keçid məntəqələrini bağlamaq planı açıqlanandan sonra Narva şəhərində sərhədi keçmək istəyən insanların sayı artıb. Nəticədə sərhəd-keçid məntəqəsində uzun növbələr yaranıb.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Estoniya hakimiyyəti bu qərarı Rusiyanın hərbi kəşfiyyatını ölkədə yerləşən “Threod Systems” pilotsuz uçuş aparatları istehsalçısına qarşı yanğın törətmək cəhdini təşkil etməkdə ittiham etməsi ilə əsaslandırır. Hadisə ilə bağlı səkkiz nəfər saxlanılıb. Moskva isə ittihamları rədd edir.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ölkəyə qarşı düşmənçilik xarakterli addımların cavabsız qalmamalı olduğunu bildirib.
Narvanın meri Katri Rayk isə sərhədin bağlanmasının şəhər sakinlərinə və yerli biznesə mənfi təsir göstərəcəyindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, sərhədyanı hərəkətlilik ailələr və sahibkarlar üçün mühüm əhəmiyyət daşıyır.
Məlumatlara əsasən, hazırda sərhəddə saatda təxminən 20 nəfərin keçidinə icazə verilir.
Estoniya hökuməti milli təhlükəsizliyin prioritet olduğunu bildirir. Plan qüvvəyə minərsə, dekabrın 1-dən Rusiya ilə avtomobil və piyada sərhəd-keçidləri tamamilə bağlanacaq.
Türkan İsgəndərli