Kaliforniya və 19 ştat Trampın tətbiq etdiyi rüsuma qarşı çıxdı
Dünya
13.12.2025 15:45
Kaliforniya və ABŞ-nin daha 19 ştatı yüksək ixtisaslı xarici işçilər üçün H-1B vizalarına tətbiq olunan 100 min dollarlıq rüsumun dayandırılması tələbi ilə federal məhkəməyə müraciət edib.
TodayPress TV xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, iddia Boston şəhərində federal məhkəmədə qaldırılıb.
Ştatlar bildirir ki, ABŞ Prezidenti Donald Trampın bu cür rüsum tətbiq etmək səlahiyyəti yoxdur və qərar federal qanunvericiliyə ziddir.
Kaliforniyanın Baş prokuroru Rob Bontanın ofisinin açıqlamasında vurğulanıb ki, immiqrasiya orqanları yalnız viza proqramlarının idarə olunması üçün zəruri xərcləri əhatə edən rüsumlar toplaya bilər. 100 min dollarlıq rüsum isə bu xərcləri dəfələrlə üstələyir və faktiki olaraq yeni vergi xarakteri daşıyır.
Məlumata görə, H-1B vizaları əsasən texnologiya, səhiyyə və təhsil sahələrində çalışan xarici mütəxəssislərin ABŞ-də işə cəlb olunmasına imkan yaradır. Ştat rəsmiləri hesab edirlər ki, rüsumun bu qədər artırılması kadr çatışmazlığını dərinləşdirəcək, mühüm xidmət sahələrinə zərər vuracaq və iqtisadi risklər yaradacaq.
Qeyd edək ki, Prezident Donald Trampın sərəncamına əsasən, işəgötürən 100 min dollar ödəmədiyi halda yeni H-1B viza sahiblərinin ABŞ-yə girişinə icazə verilmir. Administrasiya bu qərarın mövcud viza sahiblərinə və 21 sentyabradək müraciət etmiş şəxslərə şamil edilmədiyini açıqlayıb.
Qiymət Mahir
tag: Kaliforniya,Tramp,Rüsum,Etiraz,Todaypress.tv,
